"Premyer Liqa"nın 2-ci turunda Mançesterdə ev sahibi "şəhərlilər" ilə "Totenhem Hotspur" üz-üzə gəldilər. Təbii ki, bu iki komandanın adını çəkəndə əksər azarkeşlərin ağılına aprel ayında olan "Çempionlar Liqası"nın 1/4 final mərhələsinin ikinci oyunu gəlir. Həddindən artıq sürətli və templi keçən qarşılaşmada "Mançester Siti" 5-3 hesablı qələbə qazana bilərdi, əgər "VAR" ev sahiblərinin son dəqiqədə vurduğu qolu qeydə alsaydı. Nəticədə 4-3 hesabı ilə məğlub olan "londonlular" ilk oyunda evdə 1-0 hesabı ilə qalib gəldiklərinə görə mərhələni adladılar. Həmin oyun olan həftə komandalar arasında baş tutan "Premyer Liqa" qarşılaşması əvvəlki matçın yerini heç verə bilməmişdi. Buna görə də bu tur baş tutacaq oyunu əksər "Premyer Liqa" azarkeşləri həvəslə gözləyirdilər. Bir tərəfdə son 2 sezonda qazandığı "Premyer Liqa" titulunu qorumaq və əlavə olaraq da "Çempion Liqası"nı qazanmağı hədəfləyən Pep Quardiola, digər tərəfdə isə minimum hədəfi keçən il qazandığı nəticələri təkrarlamaq olan Maurisiyo Poçettinonun komandalarını izləyəcəkdik. Gəlin, çox keçmədən komandanın əsas heyətləri və düzülüşlərinə göz ataq:
Gördüyünüz kimi protokolda hər iki komandanın düzülüşü 4-2-3-1 kimi göstərilib, ancaq bu formal xarakter daşıyır.
Oyunun gedişatı: İlk hissə
Oyun gözlənildiyi kimi ev sahiblərinin üstünlüyü ilə başladı. "Şəhərlilər" geridən hücum qurarkən müxtəlif variantlardan istifadə edirdilər.
Oyunun əvvəlində ən çox istifadə etdikləri üsul komandanın sol cinah müdafiəçi Aleksandr Zinçenkonun mərkəzə keçməyi idi:
Bu addımın atılmasında əsas 2 məqsəd var idi:
Kevin De Bröyne və İlkay Gündoğan hər ikisi də meydanın rəqibə aid hissəsində topu qəbul etməyi sevən futbolçular olduğuna görə geridən oyunu qurmaq öhdəliyi Laport, Otamendinin üzərinə düşürdü. Müdafiəçilər ya Rodriyə, ya cinahdakı cinah müdafiəçilərindən birinə (Zinçenko və ya Volker), ya da uzun ötürmə etməli olacaqdılar. Bu da hücumun kreativliyini, effektini azaldacaqdı. Zinçenko mərkəzə çəkiləndə mərkəzdəki "mançesterli" futbolçuların sayı artırdı. Bununla da Zinçenkonun cinah müdafiəçisindən mərkəz yarımmüdafiəçisi mövqeyinə keçməyi "Totenhem" kimi sistemli pressinq edən komandaya qarşı "Siti"yə üstünlük verdi. Zinçenko mərkəzə çəkiləndə komandanın sol vingeri - Sterlinq cinah boyunca qapı xəttinə doğru qaçırdı. Ukraynalının uzun ötürmələri də məhz Sterlinqə doğru istiqamətlənirdi.
Nəticədə Zinçenkonun mərkəzə meyil etməyi ilə həm "Siti" mərkəzdə rəqibin say üstünlüyünə imkan vermirdi, həm də təhlükəli hücum qurmaq üçün şərait yaranırdı.
Topa geridə sahib olarkən "şəhərlilər"in digər bir variantı isə "üçlü" müdafiəyə keçmək idi. Zinçenko öz mövqeyi üzrə irəliləyəndə Kayl Volker mərkəz müdafiəçilərinin yanına gəlirdi və beləcə ev sahibləri şəkildə də gördüyümüz kimi birdən birə 3 mərkəz müdafiəçisi olan sistemə keçirdilər:
"Siti" başqa bir gedişlə: Rodrini mərkəz müdafiəçilərinin arasına çəkərək "üç müdafiə"li sxemə keçid edirdi:
Eyni zamanda "qonaqlar" da öz sistemli futbolu ilə, intizamlı pressinqləri ilə diqqət çəkirdilər. Daha çox topu rəqibə verməyə üstünlük verən "londonlular" pressinq edərkən 4-4-1-1 sxemindən istifadə edirdilər:
"Mançesterlilər" meydanın rəqibə aid hissəsində topa sahib olarkən mərkəz triosu bəzi hallarda Zinçenko - Rodri - Volker olurdu
Ev sahiblərinin üstünlüyü ilə başlayan və davam edən ilk hissədə "şəhərlilər" 20-ci dəqiqədə hesabı açdılar. Bu epizodda Eriksenin gözdən qaçırdığı De Bröyneyə Bernardo Silva ötürmə edir:
Belçikalının topu saxlamadan cərimə meydançasına göndərdiyi asmadan sonra Volker-Pitersin səhvindən istifadə edən Rahim Sterlinq hesabı 1-0 edir:
Qol buraxdıqdan sonra "Totenhem" istər-istəməz topa daha çox sahib olmağa məcbur idi. "Qonaqlar" da oyunu arxadan qurarkən pressinqi yarmaq müxtəlif variantlardan istifadə edirdilər:
İlk variant kimi "Siti"nin variantına bənzəyən gedişlərini göstərmək olar:
Deni Rouz öz cinahı boyunca aut xəttinə doğru irəliləyir, Volker-Piters də Alderveyreld və Davinsona qoşularaq "3 mərkəz müdafiəçisi" görüntüsü yaradırdı. Rouzun sol cinahda gördüyü işi sağ cinahda Sissoko etməyə çalışırdı. Beləcə, Alderveyreld və Davinsonun cinahlara - Rouz və Sissokoya istiqamətlənmiş uzun ötürmələri ilə pressinqi yarmağa çalışırdılar
Digər variantlar hər iki mərkəz yarımmüdafiəçisinin: Ndombele və Vinksin fərdi driblinq bacarıqlarından istifadə edərək və ya mərkəzə doğru ötürmələr edərək pressinqi yarmaq idi. Nə qədər riskli olsa da bu üsul müəyyən hallarda işə yarayırdı.
"Mançester Siti" isə oyunun əvvəlindən top rəqibdə olarkən istifadə etdiyi 4-4-2 sxeminə sadiq qalmışdı:
Və "Totenhem" qısa müddət topla oynadıqdan sonra hesabı bərabərləşdirməyi bacarır. Qol epizodunda Sissoko Zinçenkonun diqqətini dağıdır. Sterlinq və Bernardo aralarına ötürülən topa reaksiya verə bilmirlər və sonda Erik Lamela hesabı bərabərləşdirir. Qeyd edim ki, qolda qapıçı Edersonun da səhvi var idi.
Bərabərlik qolunun ardınca yenidən təşəbbüsü ələ alan ev sahibləri 12 dəqiqədən sonra yenidən önə keçməyi bacarırlar. Yenə Eriksenin De Bröyneyə nəzarəti itirməyindən sonra belçikalı Bernardonun ara pasını cərimə meydançasına göndərir. Aquero isə bu şansı qaçırmır və hesabı 2-1 edir. Və bu, ilk hissədəki son yadda qalan hadisə olur.
Oyunun gedişatı: İkinci hissə
İlk hissədə də gördüyümüz kimi "Siti"nin daha güclü olan cinahı sağ cinah idi. Hər iki qolun assistini edən Kevin De Bröyne daha çox bu cinaha meyil edirdi və məhsuldar ötürmələrin hər ikisini bu cinahdan vermişdi. Həmçinin, De Bröynenin məhsuldar ötürmələrindən əvvəlki pasların müəllifi isə sağ vinger Bernardo Silva idi.
"Totenhem"in oyuna başlatdığı hər cinah yarımmüdafiəçisinin əsl mövqeyi mərkəz idi: Sissoko və Eriksen. Fransalı futbolçu sürətli və atletik olduğu üçün cinahda nisbətən daha yaxşı görünürdü, amma danimarkalı playmaker barədə eyni şeyi deyə bilməzdik.
İkinci hissədə rəqibin cinahlarını daha da zərərsizləşdirmək üçün Poçettino ilk hissədə topa sahib olarkən istifadə etdiyi 3-4-2-1 sxemindən tamamilə imtina etdi. 56-cı dəqiqədə Vinksi Lukas Moura ilə əvəzlədi. Bununla da Sissoko özünə doğma olan mövqeyə - mərkəzə qayıtdı. Moura isə oyuna girər-girməz hesabı bərabərləşdirməyi bacardı. Oyunun geridə qalan hissəsində Eriksenlə Lamela yerlərini dəyişdilər və beləcə "Siti"nin sağ cinahının qarşısını daha yaxşı almaq mümkün oldu
Oyunun gedişində Quardiolanın etdiyi Aquero - Xesus, Rodri - David Silva, Bernardo - Mahrez dəyişiklikləri ciddi fərq yaratmadı. "Totenhem" oyunun əvvəlində olduğu kimi sistemli və intizamlı şəkildə pressinq eləməyə davam edirdi:
Əvəzində Poçettino Lamelanı Real Betisdən icarəyə götürülmüş Lo Selso ilə əvəzləyərək komandanın cinahlarını növbəti dəfə yenilədi.
Oyunun sonlarına yaxın rəqib müdafiəsini nə mərkəzdən, nə də cinahlardan yara bilən "Siti" futbolçuları məcbur olaraq uzun ötürmələrdən istifadə etməli oldular. Bu da hər zamankı kimi daim effektiv olmurdu.
Buna rəğmən 90-cı dəqiqəyə əlavə olunmuş vaxtda ev sahibləri künc zərbəsindən rəqib qapısına 3-cü dəfə yol tapdılar. Aqueronu əvəzləmiş braziliyalı forvard Qabriel Xesus fərqləndi. Amma ona assit edən Laport bunu əliylə etmişdi. Buna görə də İngiltərədə bu mövsümdən etibarən istifadə olunmağa başlayan "VAR" sistemi bu qolu qeydə almadı. Eynilə, 4 ay əvvəl Sterlinqin təxminən həmin dəqiqələrdə "Totenhem"ə vurduğu qolu qeydə almadığı kimi..
Rəsmi quruma və "Whoscored" platformasına görə oyunun ən yaxşısı Kevin De Bröyne olub. Təbii ki, belçikalı futbolçu göstərdiyi oyunla buna layiq idi. Amma şəxsi fikrimə görə, müdafiəyə meyilli futbol oynayan komandanın vurduğu 2 qoldan birinin müəllifi olan, digərinin də məhsuldar ötürməsini verən argentinalı Erik Lamelanı da unutmamalıyıq. İstər toplu, istərsə də topsuz oyunda komandası üçün 100%-ni verməyə çalışan futbolçu görünən odur ki, bu sezon komandasına çox kömək olacaq.
Yenə də "Siti"nin son dəqiqə qolu "VAR" tərəfindən ləğv edilsə də bu oyunda 4 ay əvvəlki dramatiklikdən danışa bilmərik. Çünki, "ÇL"-da olan oyun "tamam, ya davam" xarakterli idisə indi qarşıda hələ 36 tur var.
Hiç yorum yok:
Yorum Gönder