“Ayaks” təkcə bu uğurlarına görə yox, ötən əsrin ortalarında – İkinci dünya müharibəsindən sonra holland gəncliyinin inkişafında, Niderland futbolunun yüksəlməyində olan əhəmiyyətli roluna görə ölkənin ən böyük klubu hesab olunur. “Çempionlar liqası”nı 4, “UEFA Superkuboku”nu 2, “Kuboklar kuboku”nu və “UEFA Kuboku”nu 1 dəfə qazanan komandada tarix ərzində Frank Raykard, Marko Van Basten, Denis Berkkamp, Frank və Ronald de Bur qardaşları, Edvin van der Sar, Klarens Seedorf, Edqar Davids, Patrik Klayvert və s. kimi Hollandiya futboluna iz qoymuş şəxslər çıxış edib. Hal-hazırda klubun əfsanələrindən Mark Overmars klubda "Futbol direktoru", Van der Sar isə "İcraçı direktor" vəzifəsini daşıyır. 21-ci əsrin ikinci onilliyində “Ayaks”da, əsasən, 3 baş məşqçi – Frank de Bur, Piter Bosz və Erik ten Haq öz işləri ilə diqqət çəkiblər. 2010-cu ildə baş məşqçi postuna gətirilən De Bur 6 illik fəaliyyətinin ilk ilində “Eredivize”ni qazanmağı bacarıb. 2016-cı ildə De Bur istefa etdikdən sonra bu vəzifəyə Piter Bosz gətirilir və o, bu postdakı yeganə sezonunda olduqca gənc olan komandasını “Avroliqa” finalına çıxara bilir, amma finalda “Mançester Yunayted”ə məğlub olur.
2018-ci ildə isə Erik ten Haq baş məşqçi təyin olunur və ilk sezonundaca nəinki yerli turnirlərdə “trebl” edir, hətta “Çempionlar Liqası”nda yarımfinala kimi çıxıb final şansını son dəqiqədə əldəm verir. Erik ten Haqın müəllifi olduğu 2018/19 sezonu “Ayaks”ı gəlin birlikdə təhlil edək.
İdeal heyət və futbolçular
"Ayaks"ın ötən sezon ideal heyəti bu cür idi:
Ten Haqın qapıda əsas seçimi Andre Onana idi. Ayağı ilə kifayət qədər yaxşı oynayan kamerunlu qolkiper qapıçılıq bacarığını da artırsa gələcəkdə Avropanın "Top səviyyə" qapıçılarından biri ola bilər.
Müdafiə "dördlüyü"ndə kapitan Mathays de Lixtin rolunun necə əhəmiyyətli olduğunu, yəqin ki, hamınız bilirdiz. Kifayət qədər gənc və istedadlı müdafiəçi olmağıyla bərabər olaraq De Lixtin çox yaxşı topla oynamaq qabiliyyəti var. Bu da Erik ten Haqın sistemi üçün ən mühüm amillərdən biri idi. Gənc futbolçunun partnyoru Deyli Blindin İngiltərədəki uğursuz karyerasının ardınca "Ayaks"dakı əsas oyunçulardan biri olduğunu deyə bilərik. Solaxay olan müdafiəçi yaxşı pas qabiliyyəti və universallığı ilə seçilir. Ötən sezon müdafiənin sol cinahında argentinalı Nikolas Taqliafiko Ten Haq üçün həmin mövqedə əvəzolunmaz idi. Eyni sözləri sağ cinah haqqında isə deyə bilmərik. Ten Haq bu mövqedə bəzən Veltmanı, bəzən isə Mazrauini sınayırdı. Mazrauinin Veltmana nisbətən hücumlarda daha effektiv olduğunu deyə bilərik.
Yarımmüdafiədə Frenki de Yonq "Ayaks"ın "beyni" funksiyasını icra edirdi. Hücumların geridən qurulmasında əsas işi görən gənc hollandiyalının komandadakı rolu barədə təhlilimizin növbəti hissəsində söhbət açacam. Mərkəzdəki danimarkalı Lesse Şöne komandanın ən təcrübəli simalarından biri idi. De Yonq kimi hücumların geridən qurulmasında iştirak edən futbolçu irəli xəttdə isə De Yonqdan daha effektiv olurdu. Digər bir gənc hollandiyalı istedad Donni van de Bek isə, əsasən, irəli xəttdə aktiv olmağı ilə seçilirdi.
Hücum xəttində 3 solaxay futbolçu yer alırdı və 3-ü də bu yay komandada qaldılar. Braziliyalı gənc istedad David Neres, eynilə Blind kimi "Premyer Liqa"dan heyətə cəlb olunan Duşan Tadic və haqqında danışmağımıza ehtiyac olmayan Hakim Ziyeş.
Erik ten Haq ehtiyatda danimarkalı forvard Kasper Dolberq, təcrübəli hücumçu Klass Yan Huntelar, Deyli Sinkqraven və s. kimi futbolçulara sahib idi.
Taktiki təhlil: Oyunun geridən qurulması
"Ayaks" kimi oyun fəlsəfəsinin təməlində "Total futbol" dayanan komandalar üçün oyunu geridən qurmaq, istiqamətləndirmək ən əsas şərtdir. "Amsterdamlılar"ın da bunu reallaşdırmaq üçün kifayət qədər yaxşı oyunçuları var idi. "Ayaks"ın geridən oyuna başlarkən "üçlü" müdafiəyə keçdiyini deyə bilərik:
Qapıçı Onana oyuna başlarkən ayaqla oynamağı çox yaxşı olan De Lixt və Blindin arasına komandanın "beyni" adlandıra biləcəyimiz De Yonq daxil olurdu və "Ayaks"ın hücumlarının istiqamətini müəyyənləşdirirdi:
Bəzən Frenki de Yonqun bu vəzifəsini komanda yoldaşı Lesse Şöne də icra edirdi:
Yuxarıda gördüyümüz şəkillərdə De Yonq müdafiəçilərin arasına daxil olaraq komandanın hücumunu başlatmağa çalışır. Belə vəziyyətlərdə De Lixt və Blind rəqib komandanın pressinqini yarmaq üçün öz mövqelərindən irəli çıxırlar və bununla da De Yonq üçün əlavə pas variantı yaradırlar.
Frenki de Yonq bəzi hallarda müdafiəçilərin arasına yox kənarlarına da çəkilirdi. Bu fotolarda De Yonqu sol cinah müdafiəçisinin mövqeyinə çəkilmiş vəziyyətdə görə bilərik:
Burda isə 21 nömrəli futbolçu sağ cinaha meyil edib:
De Yonq arxaya çəkiləndə təkcə ötürmə etməklə kifayətlənmir bundan əlavə olaraq topla irəliləyərək komandanın hücumu sürətləndirə bilirdi.
Aşağıda gördüyümüz iki fotoda De Yonq topu sol cinahdan götürərək mərkəzə doğru irəliləyir və komandanın təhlükəli hücumunun əsasını qoyur:
Ümumiyyətlə, "Ayaks" kompakt komanda olmağı ilə seçilir. Oyuna arxadan qurarkən də oyunçuların necə intizamlı, kompakt şəkildə mövqe aldıqlarını bu şəkillərdə görə bilərsiz:
Futbolçuların bu cür intizamlı şəkildə düzülməsi "Ayaks"ın rəqibin pressinqini yarmağına kifayət qədər kömək edir.
İrəlidə olarkən komandanın hücum variantları:
"Ayaks"ın futbol fəlsəfəsinin ən əsas şərtlərindən biri də topu mümkün qədər ayaqda saxlamaq və dominant futbol oynamaqdır. Təsadüfi deyil ki, Münxendə "Bayern" qarşısında 1 saatın tamamında belə bir statistika ortaya çıxmışdı:
"Ayaks"ın hücum xəttində istifadə etmək üçün yetəri qədər müxtəlif variantları var idi.
Hücumlar, əsasən, bir az öncə vurğuladığım kimi Frenki de Yonqun arxadan verdiyi ötürmələrlə və ya topu irəli aparmağı ilə başlayırdı.
İlk olaraq komandanın ön xəttdə ən ciddi silahlarından biri Donni van de Bek haqqında danışmaq istərdim. Tez-tez rəqib cərimə meydançasına doğru irəliləyən yarımmüdafiəçi bu vasitə ilə həm rəqib qapısı qarşısında təhlükəli epizodlara girirdi, həm də rəqib müdafiəçilərin diqqətini yayındıraraq komanda yoldaşları üçün şərait yaradırdı.
Bu fotoda Van de Bekin komandanın forvardı Duşan Tadiçdən də irəli gedərək rəqib qapısına getdikcə yaxınlaşdığını görə bilərik:
Eynilə bu fotoda da futbolçu boşluğa açılır və rəqib qapıçı ilə üzbəüz qalır:
Aşağıdakı şəkildə isə Donni van de Bekin "Tottenham"a vurduğu qoldan saniyələr öncəsi olan epizodu görürük. Hakim Ziyeş müdafiənin arasına qaçan Van de Beki görür və topu ona ötürür. Nəticədə holland futbolçu bu fürsəti qaçırmır:
Bu qolda isə ən vacib hərəkətlərdən birini sağ cinah müdafiəçisi Coel Veltman edir. Qapı istiqamətində bir neçə addım ataraq rəqibin sol cinah müdafiəçisi Dani Rouzun diqqətini dağıdır və beləcə Ziyeşin ötürməsinin dəqiq olma ehtimalını daha da artırır:
Komandanın hücum xəttindəki digər variantlarından biri isə mərkəz hücumçusu mövqeyində çıxış edən Duşan Tadiç üzərində qurulmuşdu. Belə ki, serbiyalı futbolçu tez-tez cinahlara və yaxud mərkəzə doğru irəliləyərək rəqib cərimə meydançasına doğru istiqamətlənən Neres, Van de Bek və Ziyeş kimi futbolçuları topla təmin etməyə çalışırdı. Gördüyünüz bu fotoda Tadiç geriyə çəkilərək top paylamaq funksiyasını öz üzərinə götürür:
Tadiç aşağıdakı epizodda müdafiənin arxasına doğru istiqamətlənən Van de Beki görür və ona ara ötürməsi edir:
Bu şəkildə isə verdiyi mükəmməl pasla Ziyeşi qapıçı ilə təkbətək çıxarır:
Ziyeşə verdiyi ötürmənin bənzərini "Real Madrid"lə oyunda etmiş olan Tadiç David Neresin vurduğu qolun assistini etmişdi:
"Bayern"lə səfər oyununda da yenə arxaya çəkilmiş Tadiç cərimə meydançasına daxil olmuş Mazrauiyə Boatenqin başı üzərindən ötürmə edir. Və müdafiəçi hesabı bərabərləşdirir:
Həmçinin "Ayaks" üçün ən vacib məsələlərdən biri mərkəzdə üstünlüyün əldə edilməsi, itirilməməsidir. Buna görə də komanda topa sahib olarkən sağ cinah müdafiəçisi Mazrauinin mərkəzə doğru meyil etməyini, mərkəzdə De Yonq - Şöne - Mazraui "üçlüyü"nün yarandığını demək olar:
"Ayaks"ın irəli xəttdəki ən böyük "hiylə"lərindən biri hər 2 vingerin eyni cinaha meyil etməyidir. Bəzi hücumlarda həm Ziyeşi, həm də Neresi eyni - sağ cinahda görürdük. Belə olan halda rəqib müdafiənin diqqəti sağ cinaha yönəlirdi və kifayət qədər sürətli olan sol cinah müdafiəçisi olan Taqliafiko üçün boşluq yaranırdı
Burada isə Hakim Ziyeşin etdiyi hava ötürməsindən sonra Nikolas Taqliafiko qapıçı ilə üzbəüz qalır:
Bu şəkildə yenə də Taqliafikonun önündə boşluq yaranır və "Ayaks"ın təhlükəli hücumu baş tutur:
Bu şəkildə isə Duşan Tadiçin "Real Madrid"ə vurduğu qoldan öncəki hücumun gedişatını görürsüz. Hakim Ziyeş boşluqda olan Taqliafikonu görür və ona ötürmə edir:
Ardınca Taqliafiko topu Van de Bekə ötürür:
Bundan sonra cərimə meydançasına doğru qaçan Taqliafiko Luka Modriçi özü ilə birlikdə aparır:
Neresin də Naçonu öz üzərinə çəkməyi ilə Tadiç nəzarətsiz qalır:
Rafael Varanın bacarmadığı Van de Bek topu Tadiçə ötürür və serbiyalı futbolçu topu qapıya göndərir:
Nəticədə "Ayaks"ın irəli xətt oyunçularının sezon sonu statistikaları bu cür oldu:
Duşan Tadiç - 56 oyunda 38 qol 24 assist
Hakim Ziyeş - 49 oyunda 21 qol 24 assist
David Neres - 50 oyunda 12 qol 15 assist
Donni van de Bek - 57 oyunda 17 qol 13 assist
Rəqib hücuma başlarkən:
Top rəqibdə olarkən belə "Ayaks" öz intizamından və kompaktlığından əl çəkmir. Rəqibin oyundakı kreativliyini azaltmaq üçün meydanı daraltmağa çalışırlar:
Belə olan hallarda rəqib məcburən uzun ötürmələrdən istifadə etməyə çalışır və "Ayaks"ın topu qazanmaq şansı yüksəlir.
"Ayaks"ın pressinq planı rəqibə görə dəyişir. Bu şəkildə "Ayaks"ın meydanın rəqibə aid olan hissəsində 6 nəfərlə pressinq etdiyini görürük:
Çox riskli addım sayılsa da bu pressinq bəhrəsini verir və rəqib müdafiəçi ötürmədə səhvə yol verir:
Gördüyünüz bu fotolarda da "Ayaks" 1v1 pressinq edir və rəqib uzun ötürmə etməyə məcbur qalır:
Komandanın pressinqində əsas məqsədlərdən biri də rəqibin oyunu mərkəzdən qurmağına mane olmaqdır:
Əsas hədəflərdən biri isə rəqibin "beyni" adlanan futbolçuları zərəsizləşdirməkdir:
Aşağıdakı fotoda "Bayern"in hücumlarının əsasını qoyan Tyaqo Alkantaranın ətrafında 4 "Ayaks" futbolçusunun olduğunu görürük:
"Ayaks"ın "Tottenham"la səfər oyununda istifadə etdiyi pressinqi isə ən işə yarayan seçimlərdən biri adlandıra bilərik. Oyuna 3 mərkəz müdafiəçisi ilə çıxan "Tottenham"a qarşı eyni sayda oyunçu ilə pressinq edən "Ayaks" topun geridə Dele Alli və ya Viktor Vanyamaya gəlməyinə şərait yaratmırdılar:
Aşağıdakı foto isə "Yuventus"la səfər oyunundandır. İtalyanların mərkəzdəki dinamosu olan Matuidi - Pyaniç - Emre Can "trio"su "Ayaks"ın 7 futbolçusu tərəfindən "zərərsizləşdirilib":
Nəticədə həmin futbolçular topu qəbul etmək üçün geriyə çəkilməli olurlar və meydanın mərkəzində boşluq yaranır. Bu da, təbii ki, "Ayaks"a topu qazanmaq üçün şərait yaradır:
"Real Madrid"lə oyunda isə Luka Modriçin əhatəsində 6 futbolçunu görürük. Hücumun gedişatında Modriç topu əldə etsə də basqıya görə ciddi fərq yaradacaq heç bir addım ata bilmir:
Müdafiə olunarkən:
"Ayaks" müdafiə olunarkən yenə də "meydanı daraltmaq" planından əl çəkmir. Rəqib "Ayaks"ın pressinqini yara və ya uzun ötürmə ilə irəli çıxa bildisə "Ayaks"ın futbolçuları top olan zonanı daraltmağa çalışırlar. Nəticədə rəqib futbolçular topu ayaqlarında uzun müddət saxlaya bilmir və tələsik ötürmələr etməyə məcbur qalırlar. Bəzən topa sahib olan oyunçunun ətrafında 3-4 "Ayaks" futbolçusunun olduğunu görə bilməyimiz mümkündür. Bu məsələ həmçinin rəqibin aut atışlarına da aiddir. Gördüyümüz fotoda "Ayaks" yenə də zonanı daraltmağa çalışır:
Bu cür oyun tərzi həddindən artıq yorucu olsa da rəqibin hücumlarının kəsərini ciddi mənada azaldır.
Sistemin mənfi cəhətləri:
"Ayaks"ın sistemi kənardan ideal görünsə də, qüsursuz sistem yoxdu. İlk olaraq bu sistemdən istifadə etmək üçün çox yaxşı fiziki hazırlıq və gənc oyunçular tələb olunur. Təbii ki, hər fiziki hazırlıqlı və gənc oyunçu da bu sistemə uyğun gəlməyə bilər. Futbolçular oyun ərzində meydanda daim bir-birilərini əvəz edir, yeri gəlsə siğortalamağa çalışırlar. Oyun ərzində daim mərkəz müdafiəçilərinin yanında gördüyümüz Frenki de Yonq birdən-birə rəqib cərimə meydançasının yaxınlığında peyda ola bilir.
Həmçinin oyun ərzində dəfələrlə cinahlara meyil etmiş Tadiçin mövqeyine Neres və ya Ziyeşin çəkildiyini görə bilərik. Tadiç mərkəzə doğru çəkiləndə isə onu mövqeyində, əsasən, Donni van de Bek əvəz edir.
Bütün bu proseslərin yaxşı formada həyata keçməsində "Ayaks"ın kompakt komanda olmağının rolu böyükdü. Amma bəzi epizodlar var ki, oyunçuların mövqelərini tərk etməkləri komanda üçün problem yaradır. Eynilə "Yuventus"la Amsterdamda olan oyunda olduğu kimi.
Gördüyünüz fotoda Blind mövqeyini tərk edərək mərkəzə yaxın olan zonada Ronaldo ilə mübarizə aparır. Ronaldo isə topu sağ cinahdakı Kanseloya ötürür.
Mövqeyini itirən Blindi De Lixt siğortalamağa çalışır və nəticədə onun da mövqeyi boş qalır:
Cərimə meydançasına daxil olan Ronaldo isə topu qapıya göndərir:
Ümumillikdə, oyun ərzində bu tip mövqelərin tərk edilməyinə görə "Ayaks"ın əks hücumla üzləşdiyini, topu itirdiyini və s. görə bilərik. Amma, fikrimcə, bu sistemin müsbət cəhətlərinə kölgə salmamalıdı.
Bunlardan əlavə olaraq geridə oyun qurarkən bəzi hallarda həddindən artıq çox topla oynanılması da riskli hesab oluna bilər. Bəzən qapıçı Onananın de De Lixt, Blind və De Yonqa qoşularaq bu pas oyunun bir fiquru olmağı riski daha da artırır
Bütün bunlara baxmayaraq, fikrimcə, bu sistemin müsbət cəhətlərinə kölgə salmamalıdı.
Növbəti sezon "Ayaks" necə ola bilər?
"Ayaks" bu yay hələ ki 3 əsas heyət oyunçusunu itirib. İki gənc ulduz - kapitan Mathays de Lixt 85 milyon avroya "Yuventus"a keçib, Frenki de Yonq isə 75 milyon avroya "Barselona"nın yolunu tutub. 33 yaşlı Lesse Şöne isə 1.5 milyon avroya İtaliya təmsilçisi "Genoa"ya transfer olunub. Həmçinin, digər bir gənc ulduz Donni van de Bekin adı "Real Madrid"lə hallanır.
Gedənlərin əvəzində isə "Ayaks" Kvinsi Promes, Edson Alvarez, Razvan Marin, Lisandro Martinez və s. kimi oyunçuları heyətinə qatıb. Promes vinger, Marin mərkəz yarımmüdafiəçisi, Alvarez və Martinez isə mərkəz müdafiəçiləridir.
Bu cür itkilərə və yenilənməyə rəğmən "Ayaks" sezona kubokla başladı. Komanda Hollandiya Superkubokunda "PSV"ni məğlub edərək mükafata sahib çıxdı. Təbii ki, "Ayaks"dan ötən ilki uğuru tələb etmək doğru olmaz. Amma yenə də Erik ten Haqın bu "sənət əsəri"nin bizi təəccübləndirməyə çalışacağını düşünürəm. Şəxsi fikrimə görə, Hollandiyada hər iki daxili turniri qazanıb, "Çempionlar Liqası"nda qrupdan çıxmaq bu komanda üçün bu sezonluq kifayət edər.. Bunlardan hansısa baş tutmasa belə Ten Haqı və komandasını qınamaq olmaz.
Hiç yorum yok:
Yorum Gönder