Leipzig Tottenhamla Londondakı oyunun ilk dəqiqələrindən mərhələni keçməyi daha çox istəyən tərəf olduğunu göstərmişdi və bu istəyinə də layiqli şəkildə nail oldu. Təbii ki, bunda Tottenhamın Kane və Son kimi 2 əsas silahından məhrum çıxış etməyi də rol oynadı. Amma bu Leipzigin uğuruna kölgə salmır.
Şəkil 1 və 2: Ötən postların birində Leipzigin 3-4-3 formatı ilə oynadığı oyunlarda geridən oyun qurarkən etdiyi gediş barədə yazmışdım. Bu oyunda da eyni şeyi gördük: Halstenberg və Klostermann daha dərinə "enir", Upamecano isə nisbətən irəli çıxırdı. Leipzig oyunu maksimum dərindən quraraq Tottenhamı topsuz şəkildə daha çox irəli çıxmağa məcbur etdi. Qonaqların pressinqi daha çox mərkəz ikilisi olan Sabitzer və Laimeri zərərsizləşdirməyə hesablanmış olsa da, Upamecanonun oraya keçişi ilə bu planı alt-üst etməyi bacardı. Leipzig arxa xəttdə Angelino, Halstenberg, Upamecano, Klostermann, Mukiele, mərkəzdə isə Sabitzer və Laimer kimi topla irəli çıxa bilən, topu tək başına irəli daşımağı bacaran futbolçulara sahibdi, hansı ki bu da komandanın oyun planında əsas rol oynayır.
Şəkil 3: Leipzigin pressinqində də əsas məqsəd rəqibin mərkəz ikilisini (Winks və Lo Celso) topsuz qoymaq idi. Buna baxmayaraq oyunun gedişatı boyunca hər iki futbolçu geridə topla təmin olundular, amma nələrisə dəyişə bilmədilər. Bunun səbəbini belə açıqlamaq olar:
Winks və Lo Celso ikilisi Leipzigin mərkəz oyunçularından (Sabitzer və Laimer) fərqli olaraq dinamik ikili deyillər və topu irəliyə daşıya bilmək, "dikinə oynamaq" kimi xüsusiyyətləri yoxdu. Winks daha çox "6 nömrə" profilli, Lo Celso isə top paylayıcı xüsusiyyətə sahib futbolçudu. Sissoko bu oyunda çıxış edə bilsəydi və ya Jose Mourinho Ndombeleyə güvənsəydi, Tottenhamın mərkəzdə daha dinamik oyununu görə bilərdik.
Spurs oyuna 3-4-3 ilə başlasa da topa sahib olarkən Dele Alli mərkəzə doğru çəkilir, cinahlarda çıxış edən Moura və Lamela isə mərkəzdı "sıxlaşırdılar". Lakin bu da Tottenhama kömək olmadı, rəqibin "üçlü" müdafiəsi Moura - Lamela ikilisini rahatlıqla bağlaya bildi.
Şəkil 4: Tottenham topla 3-4-3 və 3-5-2 sxemlərindən istifadə etdi. Topsuz oyunda isə mərkəz müdafiəçilərindən biri irəli çıxır və pressinqdə iştirak edirdi (əsasən Dier və Alderweireld). Nəticədə müəyyən mənada 4-3-3 (cinah müdafiəçilərinin çıxışı ilə 2-5-3) sxemi yaranırdı. Amma Tottenhamın bu "çox oyunçulu" pressinqi də Leipzigin dinamik oyunu qarşısında effektiv olmadı.
Hiç yorum yok:
Yorum Gönder