Bundesliqanın 16-cı turunda "Borussiya Dortmund" öz evində "RB Laypziq"lə qarşılaşdı. Oyundan öncə "dortmundlular"ın 29, "qonaqların" isə 33 xalı var idi. Çempionatdakı zirvə yarışını yaxından maraqlandıran oyun hələ ki davam edən sezondakı ən maraqlı görüş kimi yadda qaldı. Bəs necə? Nəyə görə? Gəlin, mümkün qədər nəzər yetirməyə çalışaq:
Lüsyan Favr bu oyuna da əvvəlki 4 oyundakı kimi 3-4-3 sxemi ilə başladı:
Bəzi protokollarda Yuliyan Naqelsmanın oyuna klassik 4-4-2 ilə çıxdığı göstərilsə də oyunda daha fərqli mənzərə gördük. "Laypziq" oyuna 4-3-3 sxemi ilə başlamışdı:
Birinci hissə: Rəqibin oyununu pozmağa çalışan "Laypziq"
Dediyim kimi Naqelsman oyuna sürpriz şəkildə 4-3-3 sxemi ilə başladı. Forsberqin mərkəz hücumçusu, Verner və Poulsenin vinqer rolunu oynadıqları bu taktiki gediş bir növ Yurgen Kloppun "Liverpul"dakı fəlsəfəsinə bənzəyirdi. Top rəqibdə olarkən 4-3-3 sxemi "Laypziq"ə bu üstünlükləri verirdi:
1. Rəqib geridən daha yaxşı oyun qurmaq üçün oyuna 3 mərkəz müdafiəçisi ilə başlamışdı. Amma "qonaqlar" irəlidə 3 oyunçu ilə pressinq edərək rəqib müdafiəçilərin mərkəzə doğru pas yollarını bağlamağı bacardılar:
2: "Dortmund" meydanın mərkəzində iki futbolçu ilə oynayırdı: Brandt və Vayql. "Laypziq"də isə bu say 3-ə bərabər idi: Laymer, Demme və Sabitzer. Əksər hallarda "qonaqlar" mərkəzdə say üstünlüyünə malik olur və ya Marko Roys geriyə dəstəyə gəldikdə isə 1v1-də qalırdılar. Bu da Naqelsmanın yetirmələri adına üstünlük idi:
Ümumiyyətlə, 3-4-3, 4-4-2 və s. kimi meydanın mərkəzində 2 futbolçunun oynamalı olduğu sxemlərdə Vayql-Brandt ikilisi ilə oynamağın doğru olduğunu düşünmürəm. Vayql müdafiə cəhətdən problemləri olan futbolçudu və onun yanında hər ən onu siğortalaya biləcək futbolçu oynasa daha yaxşı olar. Yuliyan Brandt isə rəqib qapıya daha yaxın oynamalı oyunçudu və onun müdafiə keyfiyyətlərindən danışmağa dəyməz. Bütün bunlar ilk hissədə "Dortmund"un mərkəzdə rəqibinə müəyyən mənada uduzmağına səbəb oldu. "Laypziq" geridən oyun qurarkən irəli üçlü: Sanço, Roys və Hazard irəli pressinq etmək əvəzinə geriyə - mərkəzə dəstək olmağa gəlirdilər. Və bu, Dayot Upamekanonun geridə topla olduqca rahat oynamağına gətirib çıxarırdı.
3. Bu oyunda "Borussiya"nın vinq-bekləri hücumda olduqca effektiv olan 2 futbolçu: Rafael Qerreyro və Əşrəf Hakimi idi. Amma "Laypziq"in Verner və Poulseni vinqerlərə çəkməyi nəticəsində bu futbolçular daha ehtiyatlı oynamağa çalışdılar və irəlidəki təsirləri azaldı.
Göründüyü kimi, "Laypziq"in əsas məqsədi topu rəqibə verib onun oyununu pozmaq idi və bu, hardasa ilk 20 dəqiqədə effektiv oldu.
4-3-3 sxeminin "Laypziq"ə verdiklərindən danışdıq, amma mənfi təsirləri də var idi. Verner və Poulsen vinqer kimi pressinqdə olduqca effektiv olsalar da geriyə qayıtmaqda problem yaşayırdılar və buna görə də "ev sahibləri" xüsusən də Hummelsin cinahlara doğru ötürmələri ilə hücuma çıxmağı bacarırdılar. Elə əksər hücumları da məhz belə qurulurdu. 23-cü dəqiqədə Yuliyan Vayqlın uzaqdan zərbəsindən sonra Peter Qulaşinin səhvi nəticəsində "arılar" hesabı açdılar.
34-cü dəqiqədə "Laypziq"ə ikinci zərbə gəldi və Yuliyan Brandt komandasının üstünlüyünü 2 topa çıxardı. Bu qolda da "qonaqların" futbolçularının səhvi diqqətdən qaçmadı: Mukiele oyuna sağ, Klosterman isə mərkəz müdafiəçisi kimi başlamışdı. Lakin bu hücumda Klosterman öz mövqeyinə qayıtmağa gecikir və Mukiele onu siğortalamağı bacarmır:
"Borussiya Dortmund" ilk hissədə oyun baxımından rəqibindən elə də üstün olmasa da ev sahibliyinin, azarkeşlərinin verdiyi dəstəklə və təbii ki "Laypziq" futbolçularının fərdi səhvlərindən istifadə edərək fasiləyə 2-0 hesablı üstünlüklə yollandı. "Laypziq"in isə hücumda ciddi təhlükə yarada bilməməyinin əsas səbəblərindən biri Emil Forsberqin "Saxta 9" rolunu yaxşı oynaya bilməməsi idi.
İkinci hissə: Səhvlər edən və qələbəni əldən verən "Borussiya"
Əslində, oyunun ikinci hissəsi birinci hissəyə nəzərən daha sönük keçdi. Baxmayaraq ki, ilk 45 dəqiqədə vurulan qol sayı digərindən 2 dəfə az idi. Komandalar ikinci hissənin ilk 10 dəqiqəsində 3 dəfə fərqlənməyi bacardılar. Xüsusən də, "Borussiya"nın buraxdığı 3 qolun hər biri fərdi səhvlər ucbatından baş tutdu:
Birinci qol: Roman Bürki topu uzaqlaşdırmaq üçün cərimə meydançasını tərk etdi və kobud səhvə yol verdi. Timo Verner isə boş qapını dəqiq nişan aldı
İkinci qol: Yuliyan Brandt (qırmızı dairə) meydanın mərkəzində topa olduqca uğursuz toxundu və Timo Vernerə bir növ "assist" etdi. Alman forvard da bu şansı qaçırmadı
Üçüncü qol: Dayot Upamekano topu sağ cinaha yönəldərkən Rafael Querreyro mövqe səhvinə və diqqətsizliyə yol verdi. Nəticədə topu qəbul edən Nordi Mukiele onu Patrik Şikə ötürdü və o da bu şansı qaçırmadı: 3-3.
Yuliyan Naqelsmanın ikinci hissə başlamadan etdiyi Forsberq - Nkunku əvəzetməsi ilə komanda əksər vaxtlarda çıxış etdiyi klassik 4-4-2 sxeminə qayıtdı və bununla da "Dortmund"un cinahlardakı sərbəstliyi azaldı. Oyuna sonradan buraxdığı Patrik Şik isə oyundakı son qolun müəllifi olaraq komandasına bir xal qazandırdı.
Çempion olmaq istəyirsənsə və bu yoldakı ən ciddi rəqiblərindən biri ilə öz evində oynayırsansa qələbə qazanmalısan. "Dortmund" isə buna nail ola bilmədi. Hər iki komanda bir-birlərinə "Yeni il hədiyyələri" verdi, yəni, səhvlər etdi, hər ikisi də bu səhvlərdən istifadə etdi. Oyuna taktiki olaraq hazırlaşmaq baxımından "Laypziq"in daha yaxşı olduğunu vurğulamalıyam. Yenə də oyunun nisbətən böyük hissəsində hesabda geridə olduğunu və Dortmund səfərinin ağırlığını nəzərə alsaq bu görüşdən "Laypziq"in daha qazanclı çıxdığını deyə bilərik.
"Borussiya Dortmund"a gəldikdə isə komandada itkilərin olduğunu vurğulamalıyıq. Delaney və komandanın ən vacib fiqurlarından biri olan Aksel Vitsel bu oyunda çıxış edə bilmirdilər. Yenə də buna rəğmən komanda əlinə düşən fürsətlərdən maksimum istifadə etməyə çalışdı. Xüsusən də, komandanın irəli "trio"sunu qeyd etmək istərdim. Torqan Hazard, Cedon Sanço və Marko Roys bir-birlərinə olduqca uyğun profildə futbolçulardı. Marko Roysun "Saxta 9" rolunu əla icra etdiyini vurğulamaq lazımdı, kapitan istər mərkəz xəttə, istər cinahlara kömək etməklə yanaşı rəqibin mərkəz müdafiəçilərini də daim təzyiq altında saxlamağı bacarır. Bu oyunda da Cedon Sançonun qolunda ("Dortmund"un 3-cü qolu) böyük rolu var idi. İlk dövrəni 4-cü pillədə və liderdən ("RB Laypziq") 7 xal geridə başa vurmalarına baxmayaraq hələ də çempionluq şansları az deyil.
""RB Laypziq" isə tarixinin ən yaxşı sezonunu keçirir." desək yanılmarıq. Yuliyan Naqelsman komandanın baş məşqçisi təyin olunandan sonra inkişaf gözlənilən idi, amma bu qədər tez baş verməyi, yəqin ki, əksəriyyət üçün gözlənilməz oldu. Komandanın irəli xəttdə alternativ olaraq Patrik Şik, Kunya, Nkunku, Kampl kimi futbolçuları var və bu, həm Bundesliqada çempionluq yarışını, həm də ÇL-də mübarizəni davam etdirən komanda üçün kifayət qədər yaxşı üstünlükdü. Məşqçi amilini də qeyd etmək olduqca vacibdi. Şəxsi fikrimə görə komanda Bundesliqadakı ən yaxşı 2 məşqçidən birinə (digəri Marko Roze - Mönxenqladbax) sahibdi.
Hiç yorum yok:
Yorum Gönder