24 Mart 2019 Pazar

Rossonerilər: Qattuzo, Bakayoko, Pyontek və başqaları


Cennaro Qattuzonun futbolçu karyerası haqqında kifayət qədər danışa bilərik. İstər bacarığı, istərsə də xarakteri ilə nəinki İtaliya, hətta dünya futbolunda iz qoymuş biridir. Görəsən, baş məşqçi kimi bunu bacara biləcək mi? Hal-hazırda bu suala optimist cavab verə bilərik.
İllərdi ki, öz azarkeşlərini məyus edən “Milan” üçün sezonun sonuna 10 tur qalmış 4-cü pillədə qərarlaşmaq heç də pis nəticə sayılmamalıdır. Bəs “Milan”ın bu nəticələrinin əsas memarı və ya memarları kimlərdir? Gəlin, bu mövsüm diqqətləri öz üzərinə cəlb edən “Milan”ı bacardığımız qədər təhlil edək.


                          Nəticələr və statistika

Rossonerilər 28 oyunda 14 qələbə, 9 heç-heçə, 5 məğlubiyyətlik performans göstərərək 51 xalla 4-cü pillədə qərarlaşıb. 43 qol vurub qapısında 26 qol görən qırmızı-qaraların 5 məğlubiyyətindən 2-ni əzəli rəqibi “İnter”ə, qalanlarını isə “Napoli”, “Yuventus” və “Fiorentina”ya qarşı oyunlarda alıb. Eyni zamanda “Milan” İtaliya kubokunda yarımfinala da çıxmağı bacarıb. İlk oyunda səfərdə “Latsio” ilə 0-0 bərabərə qaldıqdan sonra “Milan” aprelin 24-də öz meydanında rəqibini qəbul edəcək.

                          Heyət və ideal “11”lik

“Milan”ın qapısını, təbii ki, dünyanın ən istedadlı qapıçılarından biri Canluici Donarumma qoruyur. Doğrudu, bu il bəzi səhvlərlə yadda qalsa da komandasını real qol vəziyyətlərindən xilas etdiyi epizodların sayı da az deyil.

Müdafiə xətti müəyyən qədər qeyri-stabillik nümayiş etdirir. Müdafiənin lideri komandanın kapitanı olan Alesiyo Romanyoli sayılır. Partnyoru Mateo Musakkiyo ilə heç də pis ikili deyillər. Amma cinah müdafiəçiləri hücum cəhətdən nə qədər faydalı olsalar da müdafiə cəhətdən eyni şeyi deyə bilmərik. Şəkildə sol cinah müdafiəçisi Rikardo Rodriqezin verdiyi boşluğu görürük.



Eyni sözləri komandanın sağ cinah müdafiəçisi David Kalabriyaya da aid etmək olar. Qattuzo bəzən Kalabriyanın yerinə Andreya Kontiyə də şans verir. Amma digər 3 müdafiəçinin əsas heyətdəki yerinin əvəzolunmaz olduğunu deyə bilərik.


Komandanın yarımmüdafiə xəttini xüsusilə fərqləndirərdim. Bu xəttdə yaradıcılıq, dinamika və dağıdıcılıq tandem təşkil edir. Komandanın “deep-lying playmaker”i Timoua Bakayoko “Çelsi”dəki uğursuz mövsümünün ardından “Milan”da yenə də öz potensialını üzə çıxarmağı bacardı. Digər yarımmüdafiəçi Frank Kessi isə komandanın oyununa dinamika qatır. İstər irəli, istərsə də ön xəttdə komandasına fayda verə bilir. Braziliyalı gənc istedad Lukas Paketanı növbəti transfer pəncərələrində komandada tutmaq “Milan” üçün heç də asan olmayacaq. 21 yaşlı futbolçu öz texnikası, sürəti və başqa keyfiyyətləri ilə diqqətləri öz üzərinə çəkməyə bacarır.

Qattuzo ehtiyatda təcrübəli Lukas Bilya, Dyeqo Laksalt, Xose Mauri kimi yarımmüdafiəçilərə sahibdir.

Hücum xəttində sol cinahda uzaqdan təhlükəli zərbələri olan və lazim gəldikdə oyun qura bilən Hakan Çalhanoğlu, sağ cinahda dribling və sürəti ilə rəqibin sol cinahına baş ağrısı ola bilən Suso, mərkəzdə isə müasir futbolun ən hər tərəfli forvardlarından hesab olunan Kriştof Pyontek çıxış edir.  A Seriyasında Hakan bu sezon 1, Suso 5 dəfə rəqib qapılarına yol tapa bilib. Qış fasiləsində “Cenoa”dan 35 milyon avro qarşılığında komandaya cəlb olunan polyak hücumçu Pyontek isə “Milan”ın heyətində 8 oyunda 6 dəfə, ümumillikdə 19 dəfə fərqlənməyi bacarıb.

Ehtiyatda meydana sonradan girərək oyunu dəyişdirə biləcək Fabiyo Borini, Samu Kastillexo və gənc istedad Patrik Kutrone kimi oyunçular da var.


                  Taktiki plan: Top rəqibdə olarkən          

Topsuz oyunda “Milan”nın ən böyük silahlarından biri rəqibə irəli xəttdə göstərdiyi pressinqdir. 4-3-3 sxemindən istifadə edən “Milan” ön xəttdə rəqibə 6 oyunçu ilə təzyiq etməyə üstünlük verir. Bu fotoda da buna aid olan nümunələrdən birini görürsüz.



Buna baxmayaraq “Milan” futbolçuları bəzi epizodlarda zamanlama səhvi edərək pressinqə gecikirlər, bununla da rəqibin hücumun qarşısını tezliklə almaq mümkün olmur. Eynilə bu fotodakı kimi:



Pressinq işə yaramasa “Milan”lılar “B planı”na əl atırlar və 4-5-1 sxeminə keçərək rəqibi qarşılamağa çalışırlar.

Bütün bu topsuz oyunlarda “Milan” üçün əsas oyunçu kimi Bakayokonu göstərə bilərik. Rəqib oyunçuların birə-birdə bağlanması, ötürmələrin qarşısının kəsilməsində fransalı futbolçunun rolu inanılmaz dərəcədə böyükdür. Hətta “Milan”ın taktikasının Bakayoko üzərində qurulduğunu desək, heç də yalan olmaz.




Eyni zamanda komandanın istər yarımmüdafiə, istərsə də müdafiə xətti bəzən boşluqlar verə bilir. Bu da həmin nümunələrdən bəziləri:




Bütün bunlara baxmayaraq meydanda hər top üçün döyüşən bir “Milan” görürük. Cennaro Qattuzonun komandaya göstərdiyi təsiri də elə bundan hiss etmək olar.

                     Taktiki plan: Topa sahib olarkən

“Rossonerilər”in hücum anlamında fərqli variantları mövcuddur. Gəlin onlardan bəzilərini tanıyaq.

“Milan” Hakan Çalhanoğlu və Lukas Paketa kimi pas qabiliyyəti və uzaqdan zərbələri yaxşı olan oyunçulara sahibdir. Hər iki futbolçunun da oyun ərzində tez-tez rəqib qapını yoxladığını görə bilərik.

Suso kimi driblinq bacarığı yaxşı səviyyədə olan cinah futbolçusu hər zaman qapalı müdafiələrə qarşı əsas silah hesab olunur. İspan futbolçu rəqibin sol cinahına rahatlıqla baş ağrısı ola bilir. Şübhəsiz ki, “Milan” üçün ən önəmli futbolçulardan biridir.

Bakayoko və Kessi ikilisi isə həm geri, həm də irəli xəttdə aktiv olmağa çalışırlar. Bakayokonun oyun ərzində dəfələrlə topu arxadan irəli doğru apardığının şahidi ola bilərik. Kessi isə əks-hücumlarda müdafiənin arxasına göndərdiyi toplar və mərkəzə qatdığı dinamikayla xüsusi diqqət çəkir.


Cinah müdafiəçiləri müdafiə anlamında o qədər də üst səviyyədə olmasalar da irəli xəttdə yetəri qədər aktivdilər. Xüsusilə də, Rikardo Rodriqezin Kriştof Pyonteklə uyumu çox yaxşıdır. Şəkildə gördüyünüz epizodda Rodriqezin ötürməsindən sonra Pyontek topu çox gözəl vuruşla qapıya göndərir.



Kriştof Pyontekdən isə o qədər də danışmağa ehtiyac yoxdur. Bayaq da vurğuladığım kimi müasir futbolda ən hərtərəfli hücumlardan biridir. O qədər də təhlükəli olmayan epizodlarda rəqib üçün təhlükə yaradan, oyun içindəki hərəkətliliyi ilə rəqib müdafiəni daim təzyiqdə saxlaya bilən oyunçudur. Bu cür davam edə bilsə gələcəkdə ən yaxşı forvard da ola bilər.

                                 Müəllifin fikri

“Avroliqa”da qrupda qalmaqla azarkeşlərini məyus edib, digər izləyiciləri təəccübləndirən “Milan” bunu müəyyən qədər unutdurmağı bacarıb. Sezon sonunda “A Seriyası”nı ilk dördlükdə bitirib, İtaliya kubokunu qazanmaq “Milan” üçün çox gözəl nəticə hesab oluna bilər. Növbəti sezonlarda əvvəlki qüdrətli “Milan”ı geri qaytarmaq üçün isə indiki heyət qorunmalı, daha səviyyəli və faydalı futbolçular transfer edilməlidir.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...