İngiltərə “Premyer Liqası”nda 30 turdan
sonra 44 xalla 7-ci yerdə qərarlaşan Vulverhempton Vonders əksər azarkeşləri
təəccübləndirməyi bacarıb. Bu mövsüm Mançester Siti və Yunayted, Arsenal, Çelsi,
Tottenham kimi komandalardan xal almağı bacaran kollektivin bu səviyyəyə gəlib
çatmasında baş məşqçinin rolu danılmazdır. Gəlin, 2017-ci ildən bəri
Vulverhemptona rəhbərlik edən Nuno Espirito Santonu daha yaxından tanıyaq.


Karyera zirvəsi: Vulverhempton

Taktiki plan
Portuqaliyalı
mütəxəssis bu mövsüm ərzində 3-4-3, 5-4-1 və 5-3-2 kimi taktiki sxemlərdən
istifadə edib. Nunonun qapıdakı bir nömrəli seçimi, şübhəsiz ki, öz həmyerlisi
olan 2016-cı il Avropa Çempionu Rui Patrisiodur. Əsasən, 3 mərkəz müdafiəçisi
ilə oynamağa üstünlük versə də bu fikir komandaya təkcə müdafiə cəhətdən xeyir
vermir. Hər 3 müdafiəçi də kifayət qədər yaxşı pas qabiliyyətinə sahibdilər.
Xüsusən də, kapitan Konor Koadi komanda geridən hücum qurduqda hücumun
gedişatını əvvəlcədən müəyyən edən oyunçu hesab oluna bilər. Həmçinin də,
komanda topa sahib olarkən digər 2 stoper: Vili Boli və Rayan Bennetin də rolu
çox vacibdir. Fransalı müdafiəçi Vili Bolinin bu sezon rəqib qapılarına 3 dəfə
yol tapdığını nəzərə alsaq onun Vulverhempton üçün irəli xətdə də önəmli fiqur
olduğunu söyləyə bilərik. Yarımmüdafiənin cinahlarında – “ving-back”
mövqelərində Espiritonun seçimləri, əsasən, Coni Kastro və Mat Doherti olur.
Bəzi hallarda Kastronun əvəzinə gənc portuqal Ruben Vinaqreyə şans verir.
“Ving-back”lərin oyun ərzində həm geridə, həm də irəli xətdə aktiv olması
“Volves”in oyununa daha çox rəng qatır. Meydanın mərkəzində çıxış edən
portuqaliyalı cütlük: Moutinyo-Neves liqadakı ən uyğun ikililərdən biri
sayılır. Joao Moutinyonu komandanın beyni adlandıra bilərik. Komanda üçün əsl
“8 nömrə” rolunu oynayır. Partnyoru Ruben Neves isə ən çox diqqət mərkəzində
olan gənc oyunçulardan biridir. Daha çox müdafiəyəmeyilli və “6 nömrə” tipdə
bir oyunçu hesab olunsa da, oyun ərzində driblingləri, açar pasları və uzaqdan
zərbələriylə heç də sırf müdafiəyəmeyilli futbolçu olmadığını göstərir. Çox
güman ki, Vulverhempton üçün yayda Ruben Nevesi komandada saxlamaq heç də asan
olmayacaq. Komandanın irəli xəttində isə kifayət qədər diqqət çəkən futbolçular
var. Onlardan biri də Dioqo Jotadır. Jota həm cinahda, həm də pleymeker kimi
çıxış edə bilir. 22 yaşlı portuqal daha çox sürəti və texnikası ilə seçilir və
bu sezon hələ ki 6 qol və 4 assistlik performans göstərib. Nunonun irəli xətdə
şans verdiyi digər bir oyunçu Helder Koşta Jotaya nisbətən daha çox vinger
xüsusiyyətlərinə malikdir. Koşta elə də məhsuldar futbolçu deyil, bu mövsüm
komandasına sadəcə 1 qol və 2 assistlə kömək edə bilib. Vulverhemptonun əsas
qol silahı isə meksikalı forvard Raul Ximenezdir. Benfikadan icarə əsasında
çıxış edən hücumçu bu sezon 12 qol və 7 assist edərək heç də pis olmayan nəticə
göstərməyi bacarıb. Hələ çempionatın sonuna 8 oyun qaldığını nəzərə alsaq,
Ximenez bu nəticəni daha da yaxşılaşdıra bilər.
Vulverhemptonun
ehtiyat skamyasında da yetərincə keyfiyyətli futbolçular var. Onlardan
belçikalı gənc istedad Leander Dendonker, İvan Kavaleyro, Adama Traore və
komanda üçün bu ilin tapıntısı hesab edə biləcəyimiz 19 yaşlı Morqan
Gibbs-Vaytın adını çəkə bilərik. Xüsusilə də, Adama Traore öz fiziki
göstəriciləri və başqa bacarıqları ilə oyuna sonradan girərək çox şeyi dəyişə
biləcək bir oyunçudu.
Gözləntilər və təxminlər
Nuno
Espirito Santonun Valensiyadakı 2 fərqli sezonunun ardından Vulverhamptonun
gələcəyi haqqında çox parlaq danışmağa çəkinirəm. Ümid edirəm ki, 45 yaşlı
mütəxəssis əvvəlki səhvlərindən nəticə çıxarmağı bacarıb. Amma növbəti sezon və
yaxud sezonlar haqqında danışmaq üçün bu sezonu bitirmək lazımdı. Vulverhampton
liqada indiki yerini qorumağı bacarmalı və 4 gündən sonra öz evində Mançester
Yunayted ilə oynayacağı “FA” kuboku oyununa köklənməlidir. Görəsən, Vulverhempton
bu sınaqların öhdəsindən gələ biləcək mi? Bunu bizə ancaq zaman göstərə bilər.
Hiç yorum yok:
Yorum Gönder