18 Ocak 2021 Pazartesi

Pellegrino Matarazzo və Stuttgart: Yeni Hoffenheim?

Stuttgart Bundesligaya növbəti qayıdışının ilk mövsümündə diqqətləri üzərinə çəkməyi bacarır. 16 turdan sonra 22 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan komanda əsas da 11-ci turda "Signal İduna Park"da Borussia Dortmundu 5-1 hesabı ilə məğlub edərək top klublara başağrısı ola biləcəyini göstərmişdi. Həmin oyun ev sahiblərinin o vaxtki baş məşqçisi Lucien Favre üçün postundaki sonuncu oyun olsa da, digər tərəfdən qonaqların məşqçisi Pellegrino Matarazzo üçün özünü daha böyük kütləyə tanıtmaq üçün ilk addım olmuşdu.

Pellegrino Matarazzonun coğrafi olaraq rəngarəng həyat hekayəsi var.  1977-ci ildə ABŞ-da immiqrant italyan ailəsinin övladı olaraq dünyaya göz açıb. İxtisasca riyaziyyatçı olan "Rino" ABŞ-ın məşhur Kolumbiya universitetinin məzunudur. İlk vaxtlarda bank sahəsində çalışan Matarazzo ardınca bankirliyi futbolçuluğa dəyişir. Bir neçə il İtaliya və Almaniyanın müxtəlif aşağı liqa klublarında özünü sınayır, amma bir o qədər də uğurlu karyeraya sahib olmur. 2010-cu ildən etibarən futbolçu karyerasını sonlandırdığı Nürnbergin ikinci komandasında köməkçi kimi işləməyə başlayır. 2010-2017-ci illər arasında Nürnbergin II, U17 və U19 komandalarında həm köməkçi, həm də baş məşqçi vəzifələrini tutur. Bu müddət ərzində 2015-ci ildə isə Kölndə yerləşən, Almaniyanın "məşqçilik məbədi" sayılan "Hennes Vaysvayler Akademiyası"na (Hennes Weisweiler Akademie) üz tutur və burada Julian Nagelsmannla otaq yoldaşı olur. Matarazzo həmin dövrü belə xatırlayır:

"Onunla eyni otağı paylaşmaq qərarını əvvəlcədən vermişdik. Julianı akademiyadan öncə də tanıyırdım, çünki U19 liqasında bir neçə dəfə üz-üzə gəlmişdik. Bir-birimizə bəslədiyimiz hörmətə görə eyni otağı paylaşmağı seçdik. Bu 1.5 illik dövr biliklərimdəki boşluqları doldurmaq baxımından mənə çox yardımçı oldu. Razıyam, onunla oyun stillərimiz bənzərdi, amma eyni deyil və arada fərqlər var. Nagelsmannın 3-cü zonada yoxladığı sistem və gedişlər olduqca maraqlıdı. Bu mövzuda ondan çox şey öyrənmişəm. Düşünürəm ki, oyun tərzlərimizdə bənzərlik olmasaydı məni köməkçi məşqçi kimi komandasına dəvət etməzdi."

Pellegrino Matarazzo 2017-ci ildə baş məşqçisi olduğu Hoffenheim U17-ni 6 ay sonra tərk etməli olur. Çünki artıq əsas komandada Julian Nagelsmannın köməkçisi olacaqdı. İkili birlikdə 1.5 il çalışırlar. Nagelsmann komandanı tərk edib Leipzigə yollandıqdan sonra da Matarazzo öz vəzifəsində qalır və 2019-cu ilin sonunadək yeni baş məşqçi Alfred Schreuderin köməkçisi olur. Ardınca 2. Bundesligada çıxış edən Stuttgartdan baş məşqçilik təklifi alır, hekayənin gedişatı isə hələ ki müsbət məcrada davam etməkdədi. Stuttgart ötən sezonu Arminia Bielfeldin arxasında, 2-ci yerdə başa vuraraq Bundesligaya birbaşa vəsiqə qazana bilir.

Matarazzodan öncə Stuttgart 2. Bundesligada 3-cü pillədə idi. Buna baxmayaraq komandanın "CEO"su Thomas Hitzlsperger baş məşqçi Tim Walterlə yolları ayırmaq qərarına gəlir və baş məşqçi postuna "Rino"nu gətirir.

"Qısa müddət ərzində uğurlu olmaq, futbol fəlsəfəmizi daha da konkretləşdirmək və əsas komandada gənclərə şans verən bir klub olmaq istəyirik. Baş məşqçimiz Pellegrino Matarazzo ilə bunları bacaracağımıza inamımız tamdır." - Stutgart "CEO"su Thomas Hitzlsperger.

"Matarazzo klubumuzun siyasətinə olduqca uyğun baş məşqçidir. Pellegrino karyerası ərzində gənc və əsas komandalar arasındaki körpüdə əsas rol oynayıb. Stuttgartda da bunu edəcəyinə inanırıq." -  Stuttgartın idman direktoru Sven Mislintat.

Yuxarıda gördüyünüz iki açıqlama da Matarazzo vəzifəsinə yeni təyin ediləndə verilmişdi. Geridə qalan müddətdə Matarazzo, həqiqətən də, yaxşı işlər görə bilib. Uğurlu gedişatı davam etdirə bilsə, Stuttgartın başında bəlkə də Nagelsmannın Hoffenheimda etdiyi kimi ÇL, və ya ən pis halda Avroliqa vəsiqəsi də əldə edə bilər. Bunun üçün özündən əlavə rəhbərliyin də dəstəyi vacibdir. Bu tip komandaların uğurlu olmağı üçün idarəetmədə olan şəxslərlə məşqçilər korpusu daim kontaktda olmalı, ortaq işlər görməlidilər. Belə olacağı halda isə Hitzlsperger - Mislintat - Matarazzo triosunun Baden-Vürtemberqdə daha ciddi uğurlar əldə edəcəyini gözləməyə dəyər. 

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...