15 Ocak 2021 Cuma

Mauricio Pochettino və PSG: İlk fikirlər və gözləntilər

İspaniyada yaxşı işlər görmüş Unai Emery, Almaniyada parlamış Thomas Tuchel kimi məşqçilərdən istədiyini ala bilməyən PSG-nin bu dəfəki seçimi öz sabiq futbolçusu, İspaniyada tanınıb İngiltərəyə üz tutan və orda da özünü sübut etməyi bacaran Mauricio Pochettino oldu. Thomas Tuchel 2-ci sezonunda komandanı ÇL finalına daşısa da, "parislilər"in baş məşqçisi kimi 3-cü sezonunu tamamlaya bilmədi. Ümumiyyətlə, Pochettino və PSG-ni uzaq keçmişdən savayı yaxın keçmiş də bir növ bir-birlərinə bağlayır. Argentinalı mütəxəssis 2019-cu ilin, son illərin ardıcıl Fransa çempionu isə 2020-ci ilin ÇL finalistidi. Kim bilir? Bəlkə də hər ikisi üçün də bir addımlığında qaldıqları o kuboku qazanmaq üçün yenidən bir araya gəlmək lazım idi. Təbii ki, bunu bizə zaman göstərəcək.

Pochettino bir o qədər də "4-3-3 məşqçisi" deyil. Tottenhamdakı vaxtlarında da, əsasən, 4-2-3-1 və 4-4-2 (romb) sxemlərini yoxlamışdı. PSG-dəki ilk oyunlarında da istifadə etdiyi sxem 4-2-3-1-di. Neymarın yoxluğunda hələ ki hücumçunun Marco Verrattiyə güvənir. Müdafiə önündəki ikili barədə hələ tam qərar verdiyini demək olmaz. Herrera, Gueye, Paredes, Rafinha və Danilo Pereira kimi alternativlər var. Neymar komandaya qoşulandan sonra Verratti də, yəqin ki, həmin mövqeyə çəkilməli olacaq və müdafiə önündəki variantların sayı artacaq.

Müdafiə mövzusuna toxunduqda isə cinah müdafiəçilərinin "Poch"u qane etməyəcəyini düşünürəm. Kurzawa, Bernat, Bakker, Florenzi, Dagba - hər biri yaxşı oyunçulardı, amma çatışmayan cəhətləri var. Bu mənfi cəhətlər də PSG-ni, xüsusən də, ÇL-dəki həlledici qarşılaşmalarda geri sala bilər. Bu ay olmasa da, yay transfer pəncərəsində PSG-nin bu barədə yeni addımlar atacağını istisna etmirəm.

Stoperlərdə isə vəziyyət daha ürəkaçandı. Kapitan Marquinhos Avropada ən elit müdafiəçilərdən hesab olunur, digər tərəfdən Presnel Kimpembenin ötən illər ərzindəki inkişafı göz önündədi. Buna görə də Mauricionun Kimpembe-Marquinhos ikilisini əsas ikili kimi görəcəyini düşünürəm. Onların əvəzləyiciləri olaraq da Diallo, Kehrer və 18 yaşlı istedad Pembelenin adını çəkə bilərik. 

Pochettino üçün qapıçının ayağı bir o qədər də vacib əhəmiyyət kəsb etmir. Keylor Navasın da pas qabiliyyəti istisna olmaqla digər bacarıqlarının yetərli olduğunu bilirik. Nəticədə Pochettino Parisdə olduğu müddətcə ciddi bir şey yaşanmayacağı halda Navasdan imtina edəcəyini düşünmürəm. Ehtiyatda isə heç də pis qolkiper olmayan Sergio Rico var.

Neymar, Mbappe, Di Maria, Sarabia, İcardi və Kean - ən əsas məsələ. Bir az öncə Neymarı "playmaker" kimi oynadacağını gözlədiyimi demişdim, amma potensial Dele Alli transferi (transferlər barədə irəlidə danışacam) vəziyyəti dəyişə bilər. Pochettino Spurs vaxtlarında istifadə etdiyi forvard hamımızın bildiyi kimi Harry Kane idi. İcardinin forvard xüsusiyyətlərini müəyyən qədər Kane ilə bənzətmək olar. Buna görə də Mbappe və ya Neymarın mərkəz hücumçusu kimi sınanması şansı bir az aşağı düşür. Amma dediyim kimi Alli transferi olarsa, Neymar ya da Mbappedən birini sol cinahda, digərini isə hücumun mərkəzində görə bilərik. Kean və Sarabianın isə daha çox rotasiya məqsədilə istifadə olunan, əsasən də, yerli çempionatda şans əldə edən futbolçular olacağını düşünürəm. 


Əsas adam: Angel Di Maria


Pochettino Brest və Marseille komandalarına qarşı olan oyunların ikisində də Di Mariaya şans verdi. Amma fərqli rollarda:

- Brestlə oyun. Di Marianı sırf cinah oyunçusu kimi sınadı, Mbappe isə digər tərəfdən sıxlıqla mərkəz hücumçusuna qoşulurdu.

- Marseille oyununda isə Di Maria oyuna yenə sağ cinahda başlasa da topa sahib olarkən mərkəzə çəkilir və "playmaker" rolunu Verratti ilə bir növ "paylaşırdı".




Di Marianın Brest və Marseille oyunlarındakı fərqli "heatmap"ləri (sofascore):


Fikrimcə, Pochettino öz həmyerlisini komandanın "beyni" olaraq görür və hansı transfer olsa belə sağ cinahda Di Mariadan imtina etməyəcək. İstər cinahda, istər mərkəzdə, istərsə də "aralıq zona"larda istifadə etdiyi Di Maria, belə görünür ki, irəli xətti topla təmin edən əsas oyunçu olacaq.


Potensial transferlər:

- Dele Alli: Pochettinonun 4-2-3-1 sxemi üçün olduqca yaxşı transfer olardı. Futbolçunun Mourinho ilə yaşadığı problemlər hər kəsə bəllidi. Belə bir transferin baş tutması hər 3 tərəf üçün də uyğun olardı.

- Paul Pogba: Müdafənin önündə Verratti-Pogba cütlüyü, onların da önündə Alli. Sizə də maraqlı trio kimi görünmür? Şəxsən, hər zaman Pogbanı PSG formasında izləmək istəmişəm. Bu transfeirn baş tutması PSG-nin oyun tərzinə tamam başqa ab-hava və rəngarənglik qata bilər. Nədənsə, Pogbanın Juventusdan sonra edə bilmədiyi o yüksəlişi məhz Parisdə edəcəyini düşünürəm.

- Heung-min Son: İndiki vəziyyətdə hər iki tərəf üçün də uyğunsuz transfer olardı. Amma Mbappenin komandanı tərk edəcəyi halda PSG-nin bir nömrəli hədəfi məhz koreyalı olmalıdır.


Potensial gedişlər:

- Julian Draxler: Elə Unai Emery dövründə PSG-ə gəlməyinin doğru addım olmadığı bəlli idi. Zaman da bunu sübut etdi.

- Rafinha: Yarımmüdafiə rotasiyası və potensial transferləri nəzərə alsaq, ayrılmağın Rafinha üçün doğru addım olacağını söyləmək olar. Əgər rotasiya oyunçusu olmaq istəyirsə, qalmağını elə də təəccüblə qarşılamayacam.

- Alessandro Florenzi və Danilo Pereira: Yay transfer pəncərəsinin son günlərində icarəyə götürülən bu 2 futbolçunun Pochettinonun komandasında gələcəklərinin olduğunu düşünmürəm. Florenzidən daha yaxşı sağ cinah müdafiəçisi (məsələn: Cancelo, Bellerin) tapmaq olar. Digər tərəfdən Danilonun da əsas heyət üzvü ola biləcəyini düşünmürəm. Çünki yarımmüdafiə xəttindəki rotasiya, həqiqətən də, genişdir.


Mauricio Pochettinonun Parisdə nələri bacaracağını bizə zaman göstərəcək. Mən sadəcə olaraq fikirlərimi və gözləntilərimi bacardığım qədər lakonik formada sizə çatdırmağa çalışdım. Oxuduğunuza görə təşəkkür edirəm.



Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...