17 Temmuz 2018 Salı

Qərbi Pireney: Portuqal məktəbi



Nəinki “portuqal futbolu”, hətta sadəcə “Portuqaliya” dedikdə belə ağlına ilk olaraq Eusebio, Luis Figo, Cristiano Ronaldo kimi adların gəldiyi insanların sayı heç də az deyil. Bu yazının da mövzusu Portuqaliya futbolu ilə bağlı olacaq. Amma futbolçularla yox, məşqçilərlə.




Jose Mourinho

Yaş: 55
İş yeri: Manchester United
İstifadə etdiyi taktiki sxem: 4-2-3-1

Çox insan Jose’nin futbolçuluq karyerası olmadığını düşünür, amma təcrübəli mütəxəssis 5 il də olsa futbolçuluqla məşğul olub. 24 yaşında karyerasını bitirdikdən 2 il sonra məşqçiliyə başlayır və 7 il ərzində aralarında Sporting, Porto, Barcelona kimi klubların olduğu 6 fərqli komandada köməkçi məşqçi kimi fəaliyyət göstərir. Baş məşqçi kimi ilk təcrübəsi 1997-2000-ci illər aralığında Barcelona B’də olur. Sonra sırayla Benfica (sadəcə 3 ay), Leiria və nəhayət Porto. 2001-ci ilin yanvarında Porto’nun baş məşqçisi təyin olunur və 2002/03 sezonunda həm Portuqaliya çempionatı, həm də “UEFA kuboku”nda baş mükafata sahib çıxır. Jose Mourinho’nu dünyada ən çox tanıtdıran hadisə isə 2003/04 sezonunda Portuqaliya çempionatı ilə bərabər olaraq “Çempionlar liqası”nı qazanmağı olur. Sonrası isə sizə bəllidi.

Müdafiəyəmeyilli futbol oynatdığına görə tənqid olunsa da Mourinho müasir futbolda bunu ən yaxşı bacaran və ən iddialı məşqçilərdən biridir. Onun rəhbərliyi ilə Manchester United’in bu il çempion olmaq üçün kifayət qədər şansı var.


Fernando Santos

Yaş: 63
İş yeri: Portuqaliya
İstifadə etdiyi taktiki sxem: 4-4-2

Təcrübəli mütəxəssisin məşqçilik karyerası 2 ölkədə: Portuqaliya və Yunanıstanda keçib. Məşqçilik karyerasının ilk 30 ilini müxtəlif portuqal və yunan klublarında keçirən Santos 2010-cu ildə Yunanıstan, 2014-də isə Portuqaliya millisinin baş məşqçisi təyin olunur. Şübhəsiz ki, karyerasının ən böyük uğurunu da məhz bu millidə işləyərkən qazanır. Əksəriyyətin gözləmədiyi halda Avro2016-nın qalibi olan Portuqaliya millisinin baş məşqçi postunda Fernando Santos var idi.


Carlos Queiroz

Yaş: 65
İş yeri: İran
İstifadə etdiyi taktiki sxem: 4-2-3-1

Mozambik vətəndaşlığına da malik olan Queiroz’un məşqçilik karyerası əsasən milli komandalarla bağlıdı. 1989-cu ildə məşqçiliyə başlayan mütəxəssis müxtəlif vaxtlarda Portuqaliya U20, Portuqaliya (2 dəfə), BƏƏ, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və İran millilərində çalışıb. Klub karyerasında isə Sporting, Metrostars (ABŞ), Nagoya Grampus (Yaponiya) və Real Madrid’də işləyən Queiroz iki dəfə Manchester United’də Sir Alex Ferguson’un köməkçisi olub. Onu son illərdə ən çox tanıtdıran isə İran millisində gördüyü işdir. İstər 2014, istərsə də 2018 Dünya çempionatlarında Queiroz’un rəhbərliyi ilə çıxış edən İran millisi göstərdiyi əzmkar futbolla müəyyən futbol azarkeşlərinin rəğbətini qazanmışdı.


Andre Villas-Boas

Yaş: 40
İş yeri: İşsiz
İstifadə etdiyi taktiki sxem: 4-2-3-1

Sözsüz ki, bu yazıda yer alan məşqçilər içində ən maraqlı həyat hekayəsinə sahib olan Andre Villas-Boas’dı. Keçən ilin noyabrında Shangai SİPG’in müqavilə təklifini rədd edib Dakar ralli’sində iştirak edəcəyini açıqlayır. Yanvar ayında isə yarışda qəzaya uğrayır və yarışmadan çəkilir. Hal-hazırda məşqçilik karyerasına ara verən Boas’ı əksəriyyət ya Porto, ya da Chelsea macərasından tanıyır. Amma çoxunuz Andre’nin bir müddət Britaniya Vircin adaları milli komandasına baş məşqçilik etməyindən xəbərsizdir. 23 yaşında bu vəzifəyə təyinat alıb sadəcə 3 aya yaxın işləsə də bu iş yeri Andre Villas-Boas üçün çox yaxşı təcrübə olur. Təbii ki, buna qədər onun bu cür yetişməsində qonşusu, o vaxt Porto’nun baş məşqçisi olan Bobby Robson’un rolu danılmazdır. Məhz onun sayəsində Şotlandiyada 2 il məşqçilik kursunda təhsil alan Villas-Boas Mourinho’nun Porto, Chelsea və İnter’də birlikdə işlədiyi komandasının bir parçası olur. Artıq İnter’də işləyərkən Mourinho ilə yollarını ayırmağa qərar verir və Portuqaliya klubu Academica’nın baş məşqçiliyinə gətirilir. Orada kifayət qədər uğurlu olan Boas’ı bu bacarığı məşqçilikdə ilk addımları atdığı yerə - Porto’ya gətirib çıxarır. Sonra növbə ilə Chelsea, Tottenham, Zenit və nəhayət Shanghai SİPG. Doğrudu, İngiltərə və Rusiyada işlədiyi vaxtlarda uğursuzluqlara düçar olub, tənqidlərə məruz qalsa da karyerasına davam edəcəyi təqdirdə ona uyğun klubda, ona uyğun oyunçularla yenə diqqətləri cəlb edə bilər. 7 il bundan öncə müasir futbolun ən potensiallı məşqçilərindən biri sayılan Andre Villas-Boas bunu bacaracaq istedada və yaşa sahibdir.

Nuno Espirito Santo

Yaş: 44
İş yeri: Wolverhampton
İstifadə etdiyi taktiki sxem: 3-4-3

Portuqaliyanın ən istedadlı məşqçilərindən biri sayılan Nuno futbolçu karyerası ərzində qapıçı olub. Baş məşqçi kimi Rio Ave’də tanındıqdan sonra Valencia’ya dəvət alır və burda heç də pis nəticələr əldə etmir. Buna baxmayaraq 2015-ci ilin noyabrında istefa verir. 2016/17 mövsümündə isə Porto’nun baş məşqçisi təyin olunur, burada sadəcə 1 sezon işləyir. 2017-ci ilin mayında isə bəlkə də hələlik karyerasının zirvəsi olan Wolverhampton’un baş məşqçi vəzifəsinə gətirilir. İlk ilində Championship’də çempionluq yaşamağı bacaran Nuno’dan bu sezon Premier League’də də nəsə gözləməyə dəyər. Hal-hazırda komandada 6 portuqaliyalı futbolçu var ki, bunda baş məşqçinin təsiri şübhəsizdir.


Leonardo Jardim

Yaş: 43
İş yeri: Monaco
İstifadə etdiyi taktiki sxem: 4-4-2

Kifayət qədər top klublardan təklif alsa belə özünün “inşa etdiyi” Monaco’dan ayrılmaq fikri yoxdu. Venesuela əsilli portuqaliyalı mütəxəssis dünya futbolunda klassik 4-4-2’dən ən yaxşı istifadə edən baş məşqçilərdən biri kimi tanınır. Hücum futbolu oynamaqla əksər futbol azarkeşlərinin rəğbətini qazanan Monaco, sözsüz ki, bunu Jardim’ə borcludur. Jardim’in rəhbərliyi ilə Monaco ən böyük sürprizi isə 2016/17 sezonunda  ÇL-də Pep Guardiola’nın Manchester City’sini keçib yarımfinal oynamaq və Ligue 1’də PSG’ni qabaqlayaraq çempion olmaqla etdi. Sonuncu sezonda isə elə də yaxşı nəticə göstərmədiyinə görə bu yay Monaco’dan ayrılaraq daha yuxarı səviyyəli klublardan birinə gedəcəyi gözlənilsə də Jardim qalmağa qərar verdi. Çox güman, bu il də yeni gənc, istedadlı futbolçuları üzə çıxarmaqla bacardığının ən yaxşısını etməyə çalışacaq. Tuchel-Jardim qarşıdurmasının Ligue 1’ə rəng qatacağı ilə də yəqin ki, əksəriyyət razılaşar.

Marco Silva

Yaş: 41
İş yeri: Everton
İstifadə etdiyi taktiki sxem: 4-2-3-1

Hull City’də 6 ayda çox yaxşı işlər görüb komandanı liqada saxlaya bilməyən, Watford’da yaxşı başlayıb ardını gətirə bilməyən Marco Silva üçün ola bilsin Everton Premier League karyerasındakı son şansdır. Kifayət qədər istedadlı, taktiki baxımdan bacarıqlı olsa da son 2 komandasında stabil nəticələr göstərə bilmədi. Şəxsi fikrimə görə İngiltərə çempionatında ortabab komanda məşqçilərinin arasında ən yaxşı olan Marco Silva’nın artıq özünü sübut etmək vaxtı gəlib çatıb. Evertonda uğurlu olmaq üçün isə komandanı liqada mümkün qədər yuxarı yerlərə qaldırıb, digər 2 kubokdan birini qazanmaq, ən azından final oynamaq kifayətdir ki, Marco Silva’nın buna qadir olduğunu düşünürəm. Rəhbərlik edəcəyi futbolçular da bu uğurları qazana biləcək keyfiyyətə sahibdirlər.

Paulo Fonseca

Yaş: 45
İş yeri: Shakhtar Donetsk
İstifadə etdiyi taktiki sxem: 4-2-3-1

Lucescu vaxtından bəri Shakhtar’ın braziliyalı futbolçular üçün Avropa klublarına bir keçid olduğu çoxumuza məlumdur. Amma bu gənc və istedadlı braziliyalı futbolçular eyni dildə danışdıqları portuqaliyalı, həmçinin də taktiki baxımdan kifayət qədər yaxşı olan bir mütəxəssisin rəhbərliyi altında çıxış edəndə ortaya daha mükəmməl bir şey çıxır. Bunun nəticəsidir ki, Shakhtar son sezonda ÇL-da 1/8 mərhələsinə çıxa, Ukrayna çempionatında isə çempion ola bildi. ÇL qrupunda isə Maurizio Sarri’nin Napoli’sini qabaqlayıb, Manchester City’nin ardından ikinci olduğunu xüsusilə qeyd etməliyik. Keçən sezon bu uğurların ardından mətbuatda Fonseca’ya İngiltərədə 2 klubdan: Arsenal və Everton’dan təklif gəldiyi yazıldı. Bu xəbərlərə rəğmən Fonseca hələ də Ukraynadadı və növbəti sezonda da ən pis halda son sezonda qazandığı uğurları təkrarlamağa çalışacaq.


Jorge Jesus

Yaş: 63
İş yeri: Al Hilal
İsitfadə etdiyi taktiki sxem: 4-4-2

2001-ci ildə - 47 yaşında məşqçilik karyerasına başlayan Jesus’un bu sahədəki ilk 17 ili öz vətəni ilə bağlı oldu. 17 il ərzində 8 fərqli portuqal klubunda baş məşqçi vəzifəsini icra etdikdən sonra keçən yay Səudiyyə Ərəbistanı’nın yolunu tutdu. Əsasən, Benfica və Sporting’də gördüyü işlərlə diqqət çəkən mütəxəssis Benfica’nı həm 2012/13 həm də 2013/14 sezonunda Avroliqada finala çıxarsa da hər ikisində məğlub olub. Benfica ilə 3 dəfə Portuqaliya çempionatında baş mükafata sahib çıxan Jesus Portuqaliya kubokunun 6 qat qalibidir (5 dəfə Benfica, 1 dəfə Sporting ilə). Portuqaliya futbolunun inkişafı üçün gördüyü işlər danılmazdır. İstər Benfica, istərsə də Sporting’də bir sıra gənc oyunçular sırf onun rəhbərliyi altında parladı. Düşünürəm ki, o artıq adını bir məşqçi kimi portuqal futboluna qızıl hərflərlə yazdırmağı bacarıb.


Sergio Conceicao

Yaş: 43
İş yeri: Porto
İstifadə etdiyi taktiki sxem: 4-4-2

Keçən yay Nuno Espirito Santo’nun yerinə Porto’ya gətirilən Conceicao ilk sezonunda çempion olmağı bacardı. Keçmişdə futbolçu kimi də hal-hazırda çalışdırdığı komandanın şərəfini qoruyan mütəxəssis üçün bu çox böyük uğur idi. Porto’nun ÇL-da Monaco, Leipzig kimi komandaları qabaqlayıb qrupdan çıxmağı 1/8-də Liverpool’a öz evində 0-5 hesabıyla məğlub olduqdan sonra bir az kölgədə qaldı, amma buna baxmayaraq Porto üçün son sezonu kifayət qədər yaxşı saymaq olar. Bunun nəticəsi idi ki, Conceicao digər həmyerliləri Marco Silva və Paulo Fonseca kimi Everton’un siyahısına daxil olmağı bacarmışdı. Amma o, Silva kimi yox Fonseca kimi qərar verərək öz klubunda qalmağa daha üstünlük verdi. Conceicao’nun növbəti sezonda da liqadakı digər gənc məşqçilərlə çempionata rəng qatacağı gözlənilir.


Hal-hazırda Liga NOS’da mübarizə aparan 18 komandadan 3-də baş məşqçilərin yaşı 40-dan, 13-də 50-dən aşağıdır. Sadəcə 2-də isə baş məşqçilərin yaşı 50-dən yuxarıdır. Portuqalların belə gənc və orta yaşlı məşqçilərə etimad göstərməsi, fikrimcə, gec-tez öz bəhrəsini verəcək. Bu yazıda haqqında ətraflı şəkildə məlumat olmayan Rui Vitoira, Paulo Bento, Carlos Carvalhal, Vitor Pereira, Abel Ferreira, Pepa və s. kimi məşqçilər də oldu. Ola bilsin bir gün Luis Figo, Cristiano Ronaldo, Ricardo Quaresma, Luis Nani, Pepe kimi şəxslərin adlarını da portuqaliyalı baş məşqçilərin siyahısında gördük. Niyə də yox?

2 yorum:

  1. Marko Silva Hull Cityde yaxşı neticeler qazandığını vurğuladınız, amma sonra Hull City daxil olmaqla Watfordda da qeyri-stabil neticeler qazandığını yazmısınız. Mence burada bir az problem var. Amma ümumen meqale çox gözel alınıb, çox beyendim. Yorulmadan axıra qeder oxudum ve bezi mene melum olmayan yeni melumatlarla tanış oldum. İşlerinizin davamını arzu edirem, Jabrayil Bey !

    YanıtlaSil
    Yanıtlar
    1. Yaxşı nəticələrin ardını gətirə bilmədi Hull'da. Təşəkkür edirəm

      Sil

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...