21 Mayıs 2018 Pazartesi

Alman dəqiqliyi, xorvat xarizması: Niko Kovac

                                   Alman dəqiqliyi, xorvat xarizması: Niko Kovac

Niko Kovac 1971-ci ildə Bosniyadan Qərbi Berlinə köçən xorvat ailəsində dünyaya göz açıb. Xorvatiya millisinin sabiq kapitanının Robert adlı qardaşı, Nikolina adlı bacısı da var. 8-9 yaşlarında yerli bölgə klubunda futbola başladıqdan sonra Hertha Zehlendorf’a keçib və burada əsas komandanın üzvü olub. 1991-ci ildə ilk peşəkar müqaviləsini imzaladığı Hertha Berlin’in heyətində 2. Bundesliga’da çıxış edərkən cüdo ilə də məşğul olan Kovac Bayer Leverkusen’ə transfer olarkən Biznes üzrə təhsilini yarımçıq qoyub.


Kovac’ın futbolçuluq karyerası kifayət qədər uğurlu olub. Almaniyada Hertha Berlin (müxtəlif vaxtlarda 2 dəfə), Bayer Leverkusen, Hamburg, Bayern Munich, Avstriyada isə RB Salzburg klublarının şərəfini qoruyub. Xorvatiya millisinin heyətində 83 oyunda 14 qolla yadda qalan Kovac millidə kapitanlıq sarğısını da qoluna keçirə bilib. Görünür, futbolçu olarkən dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Niko’nun məşqçilik karyerası futbolçuluğundan heç də geri qalmayacaq.

Məşqçilik karyerasına futbolçuluq karyerasını başa vurduğu RB Salzburg’un gənclərdən ibarət komandasında başlayıb. 2009-2011-ci illərdə burda çalışdıqdan sonra əsas komandada baş məşqçi Ricardo Moniz’in köməkçisi kimi fəaliyyətə başlayıb. 2013-cü ildə 21 yaşlılardan ibarət Xorvatiya millisinin baş məşqçisi təyin olunub. 10 ay burda çalışdıqdan sonra Xorvatiya Futbol Federasiyasının ümidlərini doğruldan Kovac əsas milli komandaya dəvət alır, amma burda U21-də olduğu qədər uğurlu ola bilmir. DÇ 2014-də komandasını qrupdan çıxara bilməyən mütəxəssis Avro 2016-nın seçmə mərhələsində Norveçə 2-0 hesabı ilə məğlub olduqdan sonra istefaya göndərilir. 6 aya yaxın işsiz qaldıqdan sonra 2016-cı ilin mart ayında Eintracht Frankfurt’un baş məşqçisi təyin olunur və komandanı liqada saxlamağı bacarır. Kovac’ın ikinci sezonunda Bundesliga’da 11-ci yeri tutmağı bacaran Eintracht Almaniya kubokunun finalında Borussia Dortmund’a məğlub olur. 2017-2018 sezonu boyunca komandasına oynatdığı baxımlı, intizamlı futbol futbolçu kimi çıxış etdiyi Bayern Munich rəhbərliyinin diqqətini çəkir. Aprel ayında isə Niko Kovac’ın növbəti sezondan etibarən Jupp Heynckes’i əvəz edəcəyi rəsmən açıqlanır. Bəs necə oldu ki Kovac əksəriyyəti təəccübləndirən bir qərarla Bayern’in məşqçisi təyin olundu? Onu bu pilləyə hansı xüsusiyyət(lər)i qaldırdı?

Eintracht Frankfurt 2017-18 sezonunda Bundesliga’da 8-ci yeri tutdu, Almaniya kubokunun finalında isə Kovac’ın gələcək komandası Bayern’i məğlub edərək mükafata sahib çıxdı. Bundesliga’da 34 oyunda 14 qələbə, 7 heç-heçə, 13 məğlubiyyətlik performans göstərən Eintracht top fərqi məsələsində isə olduqca stabildi: 45:45. Kovac il boyu, əsasən, 3-5-2, 3-1-4-2, 3-4-1-2 taktiki sxemlərindən istifadə etdi. Nadir hallarda isə xorvat mütəxəssisin komandasını 4-2-3-1, 5-3-2 və ya 4-4-2 sxemləri ilə meydana çıxardığını gördük. Kovac’ın oyun sisteminin əsas fəlsəfəsini müasir məşqçilərin də istifadə etdiyi pressing təşkil edir. Kovac’ın komandasına irəlidə çox vaxt 2 nəfərlə pressing etməyi tapşırdığı hiss olunur, amma bu sayın bəzən 3-4 nəfərə çıxdığını da görürük. İstər rəqibin mərkəz, istərsə də cinah müdafiəçilərinə pressing edərək rəqibin mümkün qədər qısa paslarla irəliyə çıxmağının qarşısını almağın Eintracht’ın bu sezon ən çox istifadə etdiyi taktika olduğunu demək olar. Məhz bu pressing sayəsində E. Frankfurt’un dəfələrlə rəqibi cəzalandırdığını görmüşük. Müdafiədə kifayət qədər kompaktlıq, intizam, meydanın hər yerində top uğrunda döyüşmək Niko Kovac’ın futbol fəlsəfəsinin əsas xüsusiyyətləridi. Kovac’ın sistemində ən çox fərqlənən oyunçular kimi Sebastian Haller (komandanın bombardiri), Kevin-Prince Boateng, Ante Rebic, gənc istedadlar: Luka Jovic və Marius Wolf’un adlarını çəkə bilərik. Çox güman ki, Eintracht Frankfurt xorvatiyalı mütəxəssisin yoxluğunu ən az 1 il ciddi şəkildə hiss edəcək. Şəxsi fikrimə qaldıqda isə Niko Kovac’ın oyunçularla meydandan kənarda hər hansısa bir problem yaşamayacağı təqdirdə Bayern Munich’də kifayət qədər uğurlu olacağını düşünürəm.

Və son olaraq Kovac’ın Bayern’də yoxlaya biləcəyi iki XI:

4-2-3-1: Neuer – Alaba, Hummels, Boateng, Kimmich – Vidal, Goretzka – Coman, James, Malcom (Robben və ya başqa transfer) – Lewandovski


3-4-2-1 (3-1-4-2'yə də çevirmək olar): Neuer – Hummels, Süle, Boateng – Alaba, Vidal, Goretzka, Kimmich – Coman/Müller, James – Lewandovski

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...