Mikel Arteta dünən bir zamanlar köməkçisi olduğu Pep Guardiolanın qarşısına ilk dəfə olaraq baş məşqçi kimi çıxdı. Əvvəlki postda komandaların fiziki durumu və s. barədə fikir bildirmişəm. City hər fazada kifayət qədər yaxşı idi, layiqli hesabla layiq olduqlarını qələbəni də qazandılar. Pep Guardiolanın oyun fəlsəfəsindən az-çox xəbərdarsız, bu postda Mikel Artetanın oyun planı barədə söhbət açacağam.
City oyuna 4-3-3, Arsenal isə 4-2-3-1 sxemi ilə başladı. Mikel Artetanın kağız üzərində oyun planı pis deyildi. Xüsusən də, mərkəz üçlüyü seçimini (Xhaka, Guendouzi, Willock) təqdir etmək olar. Topsuz oyunda rəqibini bir sərt (Xhaka) və 2 cəld oyunçu ilə (Guendouzi, Willock) qarşılayacaqdı. Topa sahib olarkən isə Xhakanın geridən top paylamasından və digər 2 futbolçunun topu irəli daşımasından istifadə edəcəkdi. Amma Granit Xhaka oyunun əvvəlində zədələnib Dani Ceballosla əvəzləndikdən sonra bu plan alt-üst oldu. Guendouzi artıq Xhakanın oynadığı rolu oynamağa, yəni "deeplying playmaker" vəzifəsini icra etməyə başladı, amma bacara bilmədi. Nəticədə Arsenal mərkəzdə topsuz olarkən çox "yumşaq", topa sahib olarkən isə geridən oyun quran oyunçusuz qaldı.
Şəkil 1: Guendouzi mərkəzdə təkdi və romb formasında 4 Manchester Cityli oyunçu ilə əhatə olunub. Gənc və istedadlı olsa da söhbət pas qabiliyyətindən gedirsə, Guendouzi bu məsələdə bir o qədər də yaxşı futbolçu deyil. Oyunun gedişatında Arsenal geridən oyun qurmada bir o qədər də uğurlu ola bilmir və uzun ötürmələrlə irəli çıxmağa çalışır.
Şəkil 2: Qırmızı dairədəki futbolçu Ceballosdu. Mərkəzdəki boşluğu görürsüz. Arteta bu oyunda mərkəzdəki 1v1-lərdə üstünlük qazanmaq əvəzinə oyunu genişləndirməyə daha üstünlük verdi. Amma bir problem var ki, nə Arsenalın mərkəz müdafiəçiləri (formadan uzaq David Luiz də daxil olmaqla), nə Leno, nə də Gundeouzi uzun və 100% dəqiq ötürmələrlə oyunu genişləndirə biləcək pas bacarığına sahib futbolçular deyillər. Bu yerdə də Xhakanın yoxluğu özünü göstərdi. Əgər əksi olsaydı bəlkə də bu plan işə yarayardı, amma reallıq budur ki, bu oyunçularla bu plan dünən istəniləni vermədi.
Məğlubiyyətə rəğmən Mikel Artetanın potensiallı bir baş məşqçi olduğunu düşünürəm. Amma gördüyü iş barədə dəqiq olaraq növbəti sezonun gedişatında nələrsə demək mümkün olacaq.
Hiç yorum yok:
Yorum Gönder