Bu həftə taktiki təhlil olmayacağını demişdim, amma vaxt tapıb Atletico Madrid - Liverpool oyununu təkrar izləyə bildim. Ümumiyyətlə, Atletico Madridin müdafiə futboluna qarşı antipatiya bəsləyən bir kütlə mövcuddu, hansı ki sayları heç də az deyil. Hər kəsin fikrinə hörmətlə yanaşırıq, amma Atletico tipik müdafiə komandalarından deyil.
Demək olar ki, komandadakı əksər futbolçular topa sahib olmağı sevən, hücum futbolu oynayan komandalarda da müsbət mənada fərqlənə bilərlər. Misal üçün, Thomas Lemar kifayət qədər hücumameyilli komanda olan Leonardo Jardimin Monacosunda parlamışdı. Bu cür hücum keyfiyyəti olan futbolçulardan üst səviyyə müdafiə bacarığı olan kollektiv təşkil etmək də Diego Simeonenin necə xüsusi məşqçi olduğunun göstəricisidir. Gəlin, oyuna nəzər salaq:
Şəkil 1: Liverpoolun bu sezon klassik 4-4-2 qarşısında müəyyən çətinliklər çəkdiyini demişdik. (Məsələn, Napoli ilə hər iki oyun) Atletico Madridin pressinqini yarmaq üçün Liverpool "üçlü müdafiə"yə keçməli olurdu. Fabinho və ya Wijnaldumdan biri mərkəz müdafiəçilərinə qoşulurdu.
Şəkil 2: Oyunun bəzi hissələrində Atletico Madrid "low-press"dən istifadə etməli olurdu, yəni rəqibi olduqca geridə qarşılayırdı. Bu fotoda meydandakı 22 futbolçudan 21-nin (Alissondan başqa hamısı) meydanın Atletico Madridə aid olan hissəsindədi.
Şəkil 3 və 4: Liverpool rəqibin sıx oyununu genişləndirmək üçün müəyyən gedişlərdən istifadə etdi. Bu fotolarda Hendersonun və Firminonun sağ cinaha meyil etdiyini görürük. Xüsusən də, Henderson cinaha meyil etdikdə Liverpoolun mərkəz xəttdəki boşluğu nəzərə çarpırdı. Bundan əlavə, Sadio Manenin də mərkəzə gəlişlərində, komanda oyunu geridən qurarkən Firminonun öz mərkəz müdafiəçilərinin yanına gəlib topu almasındakı əsas məqsəd meydanı genişlətmək idi.
Atletico Madrid öz oyun prinsipindən imtina etməyərək, nizam-intizamını qoruyaraq bu oyundan qalib ayrılmağı bacardı. Liverpoolun isə "build-up"dakı (oyun qurma) cəhdləri uğursuz alındı. Jürgen Kloppun bu cür oyunlarda ehtiyatlı davrandığını da deməliyik. Odur ki, bizi Anfielddə olduqca maraqlı bir oyun gözləyir.
Hiç yorum yok:
Yorum Gönder