Koronavirus pandemiyası dövründə PSJ qədər çox şayiələrin olduğu başqa bir Avropa klubu yoxdu. Məşqçi Tomas Tuxel burada tarix yaza bilər, amma hələ ki bəzi problemlərlə qarşı-qarşıyadır. Demək olar ki, hər gün Mbappe və Neymarın komandadan ayrılacağı barədə söz-söhbətlər ortaya çıxır. Tuxelin Parisdə qarşı-qarşıya qaldığı dilemma da, məhz, budur.
Sual ardınca sual və olduqca az cavab. Tuxel hal-hazırda olduqca çətin situasiyadadır. Nə vaxt Çempionlar Liqası və Liqa 1 davam etməyə başlayacaq? Nə qədər müddət Neymar və Mbappe komandada qalacaqlar? Tuxelin "Paris Sen-Jermen"dəki işi nə dərəcədə güvən altındadır?
Tuxelin indiki vəziyyəti bir çox qeyri-müəyyənliklə xarakterizə oluna bilər. PSJ son 15 oyunda məğlubiyyətin nə olduğunu bilmir, Fransa kubokunda finala çıxan komanda Çempionlar Liqasında da 1/4 finala yüksəlməyi bacarıb.
Fernandez Tuxeli sərt tənqid etdi
Bundan əlavə PSJ-nin sabiq oyunçusu və əfsanəsi Luis Fernandez fevral ayında "dpa"-ya verdiyi müsahibədə Tuxelin bacarıqlarına şübhə ilə yanaşdığını bildirmişdi: "Ötən sezonun nəticələrinə də nəzər salsaq, PSJ "Qatar Sports İnvestments"ə qatıldığından bəri gətirilən ən pis məşqçinin Tuxel olduğunu söyləmək olar. 46 yaşlı mütəxəssis Yürqen Klopp, Pep Quardiola və Karlo Ançelotti səviyyəsindən uzaqdır."
İlk ilində çempion olan, ikinci ilində isə yaxşı performans göstərən baş məşqçi haqqında bu ittihamları ağır saya bilərik. Fernandez "L'Équipe"ə verdiyi müsahibədə növbəti dəfə Tuxel haqqında danışıb:
"Mənim sözlərim səhv başa düşüldü. Tuxeldən ən yaxşısını gözləyirdim, çünki heç kimin əlində rəqiblərini məğlub etmək üçün onun sahib olduğu qədər silah yoxdur. O Mbappe, Kavani, İkardi, Neymar, Verratti kimi futbolçulara sahibdir. Xüsusən də, "Barselona" və "Real Madrid"in zəif olduğu vaxtlarda Tuxel uğurlu olmağa məcburdur."
Fernandez, həmçinin, heyətdə zədəli futbolçuların çoxluğuna görə Tuxeli günahlandırdığını və "Onun taktiki gedişlərini anlamıram." dediyini də vurğulamalıyıq.
30 iyun 2021-ci ilə kimi müqaviləsi olan Tomas Tuxel yenə də öz adına üstünlüklər qazana bilər. Hədəf bəllidi: Klub tarixində ilk Çempionlar Liqası titulu. Komandanın 1/4 finala yüksəldiyini də nəzərə alsaq, bunun bu sezon mümkün olduğunu deyə bilərik.
Allegri Tuxeli əvəz edəcək?
Fransanın mətbuat portalı "Foot Mercato" PSJ-nin Maksimilliano Allegri ilə danışıqlar aparıb-aparmadığını öyrənmək istəyir. Görünən odur ki, hələ rəsmi heç nə yoxdur.
Mövsümün yenidən davam etməyini gözlənildiyi vaxtlarda növbəti sezon üçün heyət planlamasını da etmək lazımdır. Amma bu, bir o qədər də asan olmayacaq. Çünki komandadan gedişi gündəmdə olan ulduz futbolçular var. Həmçinin, baş Tomas Tuxel və idman direktoru Leonardo arasında problemlərin olduğu barədə söz-söhbətlər gəzir. Hər ikisinin də futbolçular barədə fikirləri müxtəlifdir. "İnter"dən icarə əsasında PSJ-ə transfer olunan Mauro İkardi barədə Leonardonun qəti bir qərarı olsa da, Tuxel futbolçunu, əsasən, ehtiyatda saxlayır.
Neymar və Mbappe ilə nələr baş verir?
Aydındır ki, Tuxel Neymar və Mbappe ilə bundan sonra da işləmək istəyir. Braziliyalı futbolçunun adının sabiq komandası "Barselona" ilə hallanmasından əlavə olaraq, fransalının "Real Madrid"ə transferi də gündəmdədir. PSJ isə bu iki futbolçunun potensial boşluğunu doldurmaq üçün hələ ki bir addım atmayıb.
Keçən il "Eurosport"a müsahibə verən Tuxel hər iki futbolçu haqqında düşüncələrini bildirmişdi:
"Neymar və Mbappe özlərinə çox güvənirlər. Bu təkəbbürlülük kimi görünə bilər, amma sizin oyunda buna çox ehtiyacınız olur. Ən yaxşı olmaq və 3 gündən bir meydana çıxmaq istəyirsizsə, belə də olmalısınız."
Təkcə Neymar və Mbappe yox, Tyaqo Silva, Edinson Kavani və Toma Mönyenin də növbəti mövsüm PSJ formasını geyinməyi real görünmür.
Müdafiənin mərkəzi də ayrıca bir problemdir. Zədələr ucbatından Tuxel bu sezon çoxlu sayda rotasiyaya getməli oldu. Amma nə Tilo Kehrer, nə Abdu Diallo, nə də Presnel Kimpembe ümidləri tam olaraq doğrulda bilməyiblər.
Macərapərəst Tuxel özünü sübut etməlidir
Futbol mütəxəssisi Siril Morin "Eurosport Paris"ə açıqlamasında Kalidu Koulibali və Milan Skrinyarın PSJ-nin müdafiəsi üçün namizədlər olduğunu bildirib. Lakin hər iki futbolçu da öz klubları ilə 2023-cü ilə qədər müqavilə müddətinə sahibdilər, buna görə də onların gəlişi PSJ üçün çətin başa gələ bilər.
Amma bu situasiya ilə bağlı olaraq Tuxel şikayətlənə bilməz. Çünki o öz istəyi ilə Paris klubunu seçmişdi: "Mən bu yolu seçmək istəmişdim. 7 il Bundeliqada işlədikdən sonra yeni macəraya ehtiyacım var idi."
Hiç yorum yok:
Yorum Gönder