23 Mart 2020 Pazartesi

Təhlil: Marko Roze və komandası


Marko Roze "RB Zalsburq"dakı uğurlu mövsümlərin ardından öz vətəninə - Almaniyaya qayıtdı. Hələ ki, onun Bundesliqadakı ilk mövsümü bitməsə də "Borussia Mönhenqladbax" 25 oyundan sonra 49 xalla 4-cü pillədə qərarlaşıb. Doğrudu, sezonun geri qalan hissəsində hansı ssenari ilə qarşılaşacağımızı bilmirik, amma Marko Rozenin işini uğurlu saymaq olar. Nəzərə almaq lazımdır ki, Mönhenqladbax "Borussiya"sının hələ müəyyən transferlərə ehtiyacı var. Buna rəğmən komanda bu sezon "Bayern Münhen", "Borussiya Dortmund", "RB Laypsiq" kimi rəqibləri ilə turnir cədvəlində başa-baş mübarizə aparmağı bacarmaqdadı.



"Borussiya"nın bu sezondakı əsas qolkiperi Yan Sommerdi. İsveçrəli qapıçı bu mövsüm 33 oyuna çıxıb və həmin oyunlardan 7-ni qol buraxmadan bitirib.

Müdafiə xəttinə gəldikdə isə "dördlü" müdafiəni nəzərə alsaq, 3 yerin sahibi çox vaxt bəlli olur. Roze üçün mərkəzdə Elvedi və Ginter, sağ cinahda isə Layner prioritet hesab olunur. Müdafiənin sol cinahında isə Marko Roze rotasiya etməyə meyillidi. Sezonun əvvəlində isveçli Oskar Vendtə daha çox şans versə də, sonradan əlcəzairli Rami Bensebaini də rotasiyaya daxil oldu. Xüsusən də, Bensebaini öz məhsuldarlığı ilə diqqət çəkən müdafiəçidi. Futbolçu çıxdığı 18 oyunda 4 qol və 2 assistlik performans göstərib.

Yarımmüdafiə və hücum xəttlərinə isə fərqli sxemləri müqayisə edərkən toxunacağıq.

Marko Roze cari mövsümdə, əsasən, 3 müxtəlif taktiki sxemdən istifadə edib. Gəlin, bu sxemlərlə tanış olaq.

4-2-3-1:

Bu sxemin Marko Rozenin ən çox istifadə etdiyi sxemdi desək, yanılmarıq. Qapı və müdafiədən danışdıq, indi isə sıra yarımmüdafiə və hücumdadı. Müdafiənin önündəki ikilidə Denis Zakariyanın yerinin dəyişmədiyini vurğulamalıyıq. Onun yanında isə müxtəlif vaxtlarda Kristof Kramer və ya Floriyan Noyhaus Marko Roze tərəfindən sınanır. Zakariya - Kramer ikilisi çıxış edəndə komandanın daha müdafiəyəmeyilli oynadığını deməliyik. Çünki, nə Zakariya, nə də Kramer hücum xəttinə ciddi təsir edən futbolçular deyillər. Noyhaus isə onlardan fərqli olaraq daha irəli oynamağı sevən və yaradıcılıq keyfiyyətləri olan futbolçudu.


10 nömrə mövqeyində isə Marko Rozenin əsas 3 seçimi var: Komandanın kapitanı Lars Ştindl, Bril Embolo və gənc Laszlo Beneş. Ştindl pleymekerdən daha çox forvard xüsusiyyətləri ilə önə çıxan oyunçudu və forma şansı qazananda daha çox rəqibin cərimə meydançasının içində aktiv olur. İsveçrəli Embolo daha çox atletik keyfiyyətli ilə ön plana çıxır. İllər öncə "Şalke"yə böyük ümidlərlə transfer olsa da, bir o qədər də ümidləri doğrulda bilmədi. "Borussiya", xüsusən də, Marko Roze isə onun üçün növbəti böyük şans hesab oluna bilər. Gənc slovakiyalı Beneş isə daha yaradıcı keyfiyyətləri ilə seçilir və mərkəzdə top saxlamaq üçün kifayət qədər uyğun profildədi.



Cinahlarda əsas simalar Marku Türam və Patrik Herman sayılırlar. Universal olub, həm mərkəzdə, həm də cinahda oynaya bilən Yonas Hofman da onları əvəz edə bilir.

Marko Rozenin əlindəki əsas mərkəz hücumçusu Alessan Plea sayılsa da, Türam, Ştindl və Embolo da bu rolu oynaya bilirlər.

4-3-1-2:

Marko Roze bu sxemdən sezonun əvvəlində istifadə etdi və sezonun geri qalan hissəsində bundan imtina etməli oldu. Bu sxemdə Noyhaus - Zakariya - Kramer mərkəz üçlüyü, onların önündə isə "10 nömrə" kimi Lars Ştindl və ya Bril Embolo çıxış edirlər. Forvard cütlüyünü isə Türam və Plea təşkil edir. Bu sxem komandaya mərkəzdə üstünlük versə də, cinahda bəzi problemlər yaratdığını da vurğulamalıyıq.

3-4-2-1:

Bu sxem Rozenin sonradan istifadə etməyə başladığı sxemdir. Maraqlısı ondadır ki, "üçlü" müdafiəni əksər hallarda Elvedi, Zakariya və Ginterdən təşkil edir. Əslində dayaq yarımmüdafiəçisi olan Zakariya mərkəz müdafiəçisi kimi də işinin öhdəsindən yaxşı gəlir. Bu sxemdəki əsas fiqurlardan birinin də Yonas Hofman olduğunu vurğulamaq lazımdır. Hofman bu sxemdə "boks-to-boks" keyfiyyətlərini daha yaxşı üzə çıxarır və komandasına həm hücumda, həm də müdafiədə dəstək verə bilir. Layner və Bensebaini (Vendt) kimi cinah müdafiəçiləri üçün də bu sxem olduqca yaxşı sayıla bilər. Rozenin "üçlü" müdafiəsindəki maraqlı cəhətlərdən biri də, sağa meyilli mərkəz müdafiəçisi kimi çıxış edən Ginterin bəzi hallarda hücumlara qoşulmağıdı. Nə qədər riskli olsa da bu, Marko Rozenin sxemini xüsusi edən cəhətlərdən biridir.

Pressinq:


"Borussiya Mönhenqladbax" pressinqdə zonaları bağlamaqdan daha çox, daha top olan zonaya daha çox təzyiq göstərməyə üstünlü verir. Komandanın meydanın rəqibə aid olan hissəsində bəzən 6-7 oyunçu ilə pressinq etdiyini görə bilərsiz. Türam, Plea, Embolo, Herman, Hofman və s. kimi cəld oyunçular Marko Rozeyə belə yüksək pressinq tətbiq etməyə imkan verir.



Geridən oyun qurma:


"Borussiya" arxa xəttdə olduqca yaxşı ayaqlara sahibdi. Xüsusilə, 3-lü müdafiəyə keçdikdən sonra komandanın geridən oyun qurma keyfiyyəti də artıb. Kramer, Noyhaus, Hofman kimi oyunçuların da geriyə köməyə gəlməyi ilə "Borussiya" əksər rəqiblərin pressinqini rahatlıqla yara bilir.






İrəlidəki güc:

Cari mövsümdə komandada ən çox qol vuran futbolçu Alessan Plea (8), ən çox məhsuldar ötürmə edən futbolçu isə Marku Türamdır (8). Ümumillikdə Plea 15, Türam isə 14 qolun vurulmasında iştirak edib. Hər iki fransalı futbolçu "Borussiya"nı ÇL yarışında tutan əsas simalardandılar. Xüsusən də, Türamı vurğulamaq istərdim. Hər iki cinahda və mərkəz hücumçusu kimi xeyir verə bilən futbolçudu. Bəlkə də bu yay yox, amma növbəti yay transfer sezonlarında müxtəlif iddialı klubların diqqətini çəkə bilər. Özünü bir az da göstərəcəyi təqdirdə "Borussiya" üçün onu saxlamaq heç də asan olmayacaq.




Müəllifin fikri:


Düşünürəm ki, Mönhenqladbax təmsilçisi Marko Roze üçün ideal seçim oldu. İlk mövsümündəcə komandanı çempionluq yarışına belə daxil etməyi bacaran mütəxəssis növbəti transfer pəncərələrində daha yaxşı transferlərlə komandanı daha yuxarılara daşıya bilər. Bir müddət əvvəl adı "Borussiya Dortmund"la hallansa da onun belə qısa müddət ərzində komandanı tərk edəcəyinə inanmıram. Şəxsi fikrimə qaldıqda, Marko Rozenin oyun fəlsəfəsini və stilini İngiltərə Premyer Liqasına çox uyğun görürəm. Fikrimcə, Mönhenqladbaxdan sonrakı ünvanı "Dumanlı Albion" ola bilər. Onsuzda bir neçə ay öncə "Mançester Yunayted"in onunla maraqlandığı barədə xəbərlər var idi, amma indiki ərəfədə İngiltərəyə yollanmaqla tələsik addım atmış ola bilər.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...