19 Mayıs 2019 Pazar

3 ildə Yulian Naqelsmann: Başlanğıc, yüksəliş və sonluq

Yulian Naqelsmannı tanımağım təxminən 2016/17 sezonunun ikinci dövrəsinə təsadüf edir. 17 tur geridə qalıb, amma “Hoffenhaym” kimi o qədər də yüksək profili olmayan komanda “Bundesliqa”da məğlubiyyətin nə olduğunu bilmir, həmçinin baş məşqçilərinin də sadəcə 29 yaşı var. Yəqin ki, bu, sizin üçün də kifayət qədər diqqət çəkən məsələ olub. Amma Yulianın Sinshaym klubuna təyin olunması bu nailiyyətindən hardasa bir il öncəyə təsadüf edir.

                                            

                                       Başlanğıc

2015/16 sezonunda “Hoffenhaym” üçün işlər elə də yaxşı getmirdi. İlk 20 turdan sonra komanda sadəcə 14 xal toplaya bilmişdi. 17-ci pillədə qərarlaşan klub liqadan düşmək təhlükəsi ilə üz-üzə idi. Nəticədə fevral ayında komandanın hollandiyalı baş məşqçisi Hub Stevens vəzifəsindən azad olunur və onun əvəzinə gözlənilməz şəkildə “Hoffenhaym”ın U-19 komandasının 28 yaşlı baş məşqçisi Yuliyan Naqelsmann gətirilir. Bu qərardan sonra bir sıra “Hoffenhaym” azarkeşləri və “Bundesliqa” izləyiciləri klubun artıq bu sezonki taleyi ilə barışdığına görə belə bir addım atdığını düşünürdülər. Amma növbəti 4 ay ərzində onların bütün belə düşüncələri alt-üst oldu. Naqelsmanndan öncə 20 tura 14 xal toplamağı bacaran komanda Yulianın gəlişindən sonrakı 14 oyunda 23 xal topladı və 37 xalla liqada qalmağı bacardı. Komandası mövsümü 15-ci yerdə başa vuran Naqelsmann rəhbərliyin ümidlərini doğrultdu. Təbii ki, növbəti mövsüm üçün də ona minimum hədəf olaraq liqada qalmaq hədəfi qoyulmuşdu.

                                     Yüksəliş

Yazının əvvəlində vurğuladığım kimi növbəti, yəni 2016/17 sezonunda Sinshaym təmsilçiləri ilk 17 turda məğlubiyyətin nə olduğunu bilmədilər. Ümumillikdə çempionatı 4 məğlubiyyətlə tamamlayan komanda bir sıra maraqlı nəticələrə də imza atdı. Bu nəticələrin arasından “Bayern”lə səfərdə 1-1 heç-heçə edib, evdə 1-0 məğlub edərək rəqibindən 4 xal almağı bacarmaqlarını qeyd edə bilərik. Mövsüm ərzində, əsasən, 3-5-2 taktiki sxemindən istifadə edən Yuliyan Naqelsmann bu sxem sayəsində diqqətləri özünün və komandasının üzərinə çəkməyi bacardı, burada ən diqqət çəkən oyunçular isə Niklas Süle, Jeremi Tolyan, komandanın kapitanı Sebastian Rudi, Kerem Demirbay, Andrey Kramariç, Sandro Vaqner və s. idi. Liqanı 62 xalla 4-cü bitirən “Hoffenhaym”ın tarixində yeni bir səhifə açılırdı – komanda növbəti sezonda “Çempionlar Liqası”nın “Play-off” mərhələsində çıxış etməyə haqq qazanmışdı.

Yay transfer dövründə “Hoffenhaym” bəzi vacib futbolçularını itirdi. Niklas Süle 20 milyon avroya, kapitan Sebastian Rudi isə azad agent olaraq “Bayern”ə transfer oldu. Jeremi Tolyanı isə “Borussiya Dortmund” 7 milyon avroya transfer etdi.

Amma bu mərhələnin püşkündə “Hoffenhaym”ın bəxti bir o qədər də gətirmədi. Avropa təcrübəsi yox səviyyəsində olan Yuliyan Naqelsmann və onun komandasının rəqibi öz həmyerlisi olan Yürqen Kloppun çalışdırdığı Avropanın ən köklü və titullu komadalarından biri olan “Liverpul” oldu. Sinshaymda rəqibinə 1-2 hesabı ilə məğlub olan “Hoffenhaym” İngiltərədə də rəqibi ilə bacarmadı (2-4).
Bütün bunlara baxmayaraq Naqelsmannın komandası “Avropa Liqası”nın qrup mərhələsində çıxış edəcəkdi. “C” qrupunda yer alan almanların rəqibləri Portuqaliyanın “Braqa”, Bolqarıstanın “Ludoqorets” və Türkiyənin “Başakşehir” komandaları oldu. Kifayət qədər Avropa təcrübəsi və geniş heyəti olmayan “Hoffenhaym” qrupu 5 xalla sonuncu yerdə bitirdi. Komanda 5 xalı evdə “Başakşehir”i məğlub edib (3-1) və “Başakşehir”lə səfərdə, evdə isə “Ludoqorets”lə eyni hesablı heç-heçələr (1-1) edərək topladı.

“Avroliqa”da mübarizəni dayandırdıqdan sonra bütün diqqətini yerli çempionata – “Bundesliqa”ya verən “Hoffenhaym” ötən mövsümkü nəticəsini daha da yaxşılaşdırmağı bacardı. Doğrudu, “Hoffenhaym” ötən mövsümdən 7 xal az toplamağı bacarsa da (55) bu dəfə 3-cü pilləni tutaraq “Çempion Liqası”nın qrup mərhələsinə birbaşa olaraq vəsiqə qazandı.

                                                 Sonluq

Keçdiyimiz yay, yəni 2018-ci ilin yayında Naqelsmannın 2019/20 sezonundan etibarən “Laypziq”in baş məşqçisi olacağı rəsmən açıqlandı. Bu isə o demək idi ki, 2018/19 sezonu Yulianın Sinshaymdakı son mövsümü olacaqdı. “Çempionlar Liqası”nda püşk nəticəsində “F” qrupuna düşən “Hoffenhaym”ın rəqibləri İngiltərənin “Mançester Siti”, Fransanın “Olimpik Lyon” və Ukraynanın “Şaxtyor” komandaları idi. Qrupu 3 heç-heçə edərək 3 xalla sonuncu pillədə başa vuran almanlar “Olimpik Lyon”dan 2, “Şaxtyor”dan isə 1 xal almağı bacardılar. Bu nəticələrə rəğmən “Hoffenhaym”ın hər oyunda sona qədər mübarizə apardığını rahatlıqla deyə bilərik. Bunu da qeyd edim ki, Naqelsmann "Çempionlar Liqasında oyuna çıxan ən gənc məşqçi" ünvanı da məhz Yulian Naqelsmanna aiddir.

Bu sezon komandada daha çox önə çıxan adlar İshak Belfodil və son illərdə komandanın ulduzu olan Andrey Kramariç oldu. İki futbolçu bu mövsüm  birlikdə 39 qol 11 assistlik perfomans göstərdilər. Naqelsmannın “Hoffenhaym”dakı sonuncu sezonu bundan öncəki 2 sezonundan geri qaldı. Əslində komanda keçən mövsüm topladığı xaldan sadəcə 4 xal az (51) topladı. Buna baxmayaraq ötən sezonun bürünc mükafatçıları bu sezon 9-cu pilləni tutaraq “Avropa Liqası”na belə vəsiqə əldə edə bilmədilər. Amma 3-4 il bundan öncəni nəzərə alsaq “Bundesliqa”nı 9-cu pillədə tamamlamaq “Hoffenhaym” üçün kifayət qədər yaxşı nəticə hesab olunurdu.

Bu yay Sinshaymı tərk edən yeganə şəxs Yulian Naqelsmann deyil. Naqelsmannın burada parlatdığı oyunçulardan biri olan Kerem Demirbay 32 milyon avro qarşılığında Leverkusen “Bayer”inə transfer oldu. Bundan əlavə olaraq Niko Şulz, Andrey Kramariç, İshak Belfodil kimi futbolçular da yaxşı təkliflər gələcəyi halda bu yay komandanı tərk edə bilərlər.

Gələcəklə bağlı öz şəxsi fikrimə qaldıqda isə Naqelsmann gedə biləcəyi ən doğru kluba getdi. Gənç oyunçulara üstünlük verilməsi və planlı şəkildə idarə edilən klub olması “Laypziq”i daha da maraqlı edir. Həmçinin, klubun keçmiş idman direktoru və hal-hazırki baş məşqçisi Ralf Ranqnik Tomas Tuxel və Yulian Naqelsmann kimi məşqçilərin bu səviyyəyə gəlib-çatmasında pay sahibi hesab olunur. Şübhəsiz ki, Ranqnik keçmiş tələbəsi Yuliana “Laypziq”də əlindən gələn qədər kömək göstərəcək. Qalan məsələlər isə Naqelsmannın özündən asılıdır. Yetərincə “Bundesliqa” və müəyyən Avropa təcrübəsinə malik olan Yulian Naqelsmannın “Laypziq”də uğurlu olacağına əksər azarkeşlər ümid bəsləyirlər

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...